General Rövşən Əkbərov məhkəmə qarşısına çıxarılır

tərəfindən Gozetci

Rövşən Əkbərov

Cinayət işinin materialları məhkəməyə göndərilib

Həbsdə olan general-leytenant Rövşən Əkbərovun işi üzrə Baş Prokurorluğun İstintaq İdarəsində aparılan ibtidai istintaq yekunlaşıb. Cinayət işinin materialları araşdırılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Bu barədə Meydan TV-yə iyulun 1-də Baş Prokurorluğun mətbuat xidmətin məlumat verilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12,120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 12,221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddələrilə ittiham verilib.

General 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Cinayət işinin materiallarında yazılıb ki, gecə saatlarında “Sikora” kafesində yeyib-içəndən sonra Rövşən Əkbərovla Elçin Əliyev arasında mübahisə yaranıb. Onlar kafedən çıxıb mübahisəni davam etdiriblər. Bu zaman general üstündəki hərbi bıçaqla onun ürək nahiyəsinə zərbə endirib.

Hələ 2003-cü ildə Ukrayna prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

Elçin Əliyevin ailə üzvləri ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək, Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər. Anası Səmayə Əliyeva bir neçə il öncə Meydan TV-yə müsahibəsində bildirmişdi ki, hətta prezidentin Qəbələ səfərində çətinliklə də olsa, ona yaxınlaşıb, şəxsən özünə məktubunu vermişdi.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valieynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

Uzun illər əvvəl çıxarılmış icraatın dayandırılması barədə qərar 2020-ci ildə ləğv edilib. Elçin Əliyevin qətlilə bağlı cinayət işi üzrə icraat təzələnib və prosesin nəticəsi olaraq, Rövşən Əkbərov təqsirləndirilən şəxs qismində tanınaraq həbs olunub.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.

2001-ci ildə Ukraynada Elçin Əliyevin qətlindən sonra – 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

Rövşən Əkbərov və ya yaxınlarının bu ittihama münasibəti məlum deyil. Amma onun vəkili barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün bir neçə dəfə məhkəməyə vəsatət verib. Lakin vəsatətlər təmin olunmayıb.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az