Keçmiş siyasi məhbus, ictimai fəal İlkin Rüstəmzadə və bacısı Türkan iyunun 2-də Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Burada onlar naməlum şəxs tərəfindən təzyiq və təhdid faktı ilə bağlı dindiriliblər.
“Bizi hörmətli şəkildə qəbul edib dinlədilər. Hadisənin detalları barədə məlumat verdik. Eyni zamanda, mənim təhdid olunduğum, eləcə də Türkana yaxınlaşdığını bildirən şəxsin vatsap mesajlarını, nömrələrini təqdim etdik”, deyə Rüstəmzadə öz Feysbuk səhifəsində yazıb.
“Qəti şəkildə bildirdilər ki, baş verən hadisənin dövlətlə yaxından-uzaqdan əlaqəsi yoxdur. İnanmaq istəyirəm ki, həqiqətən belədir”, deyə o qeyd edib.
Xatırladaq ki, fəalın bacısı bir neçə gün əvvəl metronun çıxışında naməlum şəxsin hücumuna məruz qalıb. Cavan oğlan arxadan onun ağzını əli ilə tutub və deyib ki, “qardaşına de, ağıllı olsun”.
İlkin Rüstəmzadə bu hadisələrin onun yeni dərc edilən “Qaranlığın hekayəsi” kitabı və ya İran rejimini dəstəkləyən dini qrupların ünvanına tənqidləri ilə bağlı ola biləcəyini hesab edir. Bu hadisədən sonra onun telefonuna və Feysbuk hesabına təhdidlər daxil olmağa başlayıb.
İlkin Rüstəmzadə 2013-cü ildə orduda qeyri-hərbi itkilərə qarşı kütləvi etirazların təşkilinə görə həbs edilib. O, kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 6 il müddətinə həbs edilib. Rüstəmzadə beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” kimi tanınıb.
Turan