Təcili yardımın həkimləri etiraz edib, işi bir neçə saat dayandırdı

tərəfindən Gozetci

Həkimlər maaş ala bilmədiklərini deyirlər

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 7, 8 və 9 saylı köməkçi stansiyalarının tibb işçiləri koronaviruslu xəstələrin müalicəsi üçün ödənilən əlavələri ala bilmədiklərinə etiraz edərək işi bir neçə saatlığa dayandırıblar. Həkimlər mayın 6-da axşam saatlarında Binəqədi rayonundakı 9 saylı stansiyanın qarşısına, mayın 7-də isə səhər saatlarında isə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibb Yardım Stansiyasına toplanıblar. Baş həkim Rauf Nağıyev həkimlərlə görüşüb.

Adının çəkilməsini istəməyən həkimlərdən biri Meydan TV-yə deyib ki, onlara 3 aydır əlavələr ödənilmir:

“Gah deyirlər ki, işlədiyiniz saata uyğun pul ödəniləcək, gah da gözləməyimizi tapşırırlar. Bəzi həkimlərin kart hesabına cəmi 20 manat köçürülüb, bu, həkimi ələ salmaqdı. Biz həyatımızı təhlükə qarşısında qoyaraq çalışırıq. Guya ki, getdiyimiz hər xəstə infeksiyaya yoluxmuş sayılmır. Covid-19-un mütləq göstəricisi temperatur deyil. Analiz götürmədən xəstənin infeksiyaya yoluxub-yoluxmadığı məlum olmur”.

Həkim deyib ki, müraciət etmədikləri qurum qalmayıb, ancaq heç kim onlarla maraqlanmır:

“Elə rəftar edirlər ki, sanki yardım istəyirik. Pandemiya dövründə təcili yardım Səhiyyə Nazirliyinin tabeliyində çalışsa da, maaşları, əlavələri İcbari Tibbi Sığorta Agentliyi ödəməlidir. Biz məhkəməyə müraciət etmək istəyirik, ancaq stansiyanın baş həkimi Rauf Nağıyev həkimlərə heç bir sənəd təqdim etmir. Səbəb odur ki, Ramil Bayramlı Rauf Nağıyevi təyin olunandan bir neçə gün sonra işdən çıxarmağa çalışıb, ancaq keçmiş səhiyyə naziri Oqtay Şirəliyev buna mane olub. Baş həkim vəzifəsini itirmək istəmir”.

Həkim onu da bildirib ki, şənbə, bazar, bayram günləri nəqliyyat işləmədiyindən işə taksi ilə gəlmək məcburiyyətindədilər, amma bu, maaşlar ödəniləndə nəzərə alınmır.

Baş həkim Rauf Nağıyev həkimlərə bildirib ki, poliklinikalar da analiz götürür, buna görə də təcili yardımın yükü azalıb. Fevralda isə saat hesabına bölünəndə həkimlərə düşən pul azdır. İndiki halda işi dayandırmaq düzgün deyil.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Stansiyasından bildiriblər ki, həkimlər hazırda işlərinə davam edirlər, çağırışlara çıxırlar. Onların narazılıqlarının həlli ilə bağlı suallar cavablandırılmayıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, 3 aydır maaş almayan reanimatoloqlar da aksiya keçirməyi planlaşdırırlar. Onların ölkə rəhbərliyinə müraciət üçün imza topladığı bildirilir.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az