Sabiq deputat Hüseyn Abdullayevin təcili tibbi yardıma ehtiyacı var

tərəfindən Gozetci

Həbsdə olan Azərbaycan parlamentinin sabiq deputatı Hüseyn Abdullayevin vəziyyəti pisləşib. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

O, çərşənbə günü cəzaçəkmə müəssisəsində müvəkkili ilə görüşüb.

Sadıqovun sözlərinə görə, Abdullayevin vəziyyəti getdikcə daha da pisləşir.

“Daxili orqanlarında qanaxma dayanmır. Əksinə, güclənib. Ağrıları da artıb. Təzyiqi 180-dən aşağı düşmür. O, dərin depressiyadadır”, deyə vəkil bildirib.

Onun sözlərinə görə, Abdullayevin ixtisaslaşmış müalicə müəssisəsində təcili tibbi müayinəyə və müalicəyə ehtiyacı var, qanunvericilikdə buna yol verilir.

“O, ən azından Mərkəzi Klinik Xəstəxanaya köçürülməli və öz hesabına müayinə və müalicə hüququndan istifadə etməlidir”, deyə Sadıqov bildirib.

O qeyd edib ki, Penitensiar Xidmətə artıq müvafiq müraciət göndərilib. “Ümid edirik ki, müraciətimizə müsbət cavab veriləcək”, deyə vəkil bildirib.

Onun sözlərinə görə, aprelin 20-də Ombudsman Səbinə Əliyeva da Abdullayevə baş çəkib, o, ona tibbi yardım göstərilməsi üçün əlindən gələni edəcəyini vəd edib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Bir müddət əvvəl Abdullayev cinayət təqibinə son qoyulması tələbi ilə günlərlə aclıq edib.

* Əslən Naxçıvan bölgəsindən olan Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. Onun əlaltıları müxalifətin etirazlarının dağıdılmasında iştirak ediblər.

2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ildə parlamentin iclasında hakimiyyətyönümlü deputat Fəzail Ağamalı Abdullayevi davaya təhrik edib. Amma təkcə Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib, daha sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü ildə o, Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb.

Almaniyada yaşayarkən Abdullayev kütləvi etirazlara çağırış yer alan bir sıra mahnılar bəstələyib və sosial şəbəkədə yayıb. 2018-ci il aprelin 22-də o, Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Bakıda o, Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1 (fırıldaqçılıq), 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrarən törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib. Bundan sonra o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az