Çərşənbə axşamı Ağır Cinayətlər Məhkəməsində İslam Şam Dövləti terror təşkilatının maliyyələşdirilməsində təqsirləndirilən Samir Qurbanov və daha 10 şəxsin işi üzrə proses davam etdirilib.
Müttəhimlərin valideynlərinin sözlərinə görə, onlar 50 gündür əsassız cinayət təqibinə etiraz əlaməti olaraq aclıq edirlər.
Onlar fevralın 23-də məhkəmədə kəsici alətlərlə özlərini kəsdiklərinə görə bu gün məhkəmə qarşısına əlləri qandallı çıxarılıblar.
İclasdan sonra təqsirləndirilən şəxslərin valideynləri övladlarının təqibinə etirazlarını bildirmək üçün Prezident Administrasiyasına yollanıblar, amma polis onların yolunu kəsib.
Valideynlər iddia edirdilər ki, aclıq nəticəsində Babək Məmmədli, Ələddin Əmir və Əflatun Bayramov hər biri 20 kq arıqlayıb.
Bu işin fiqurantları – Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Amanov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli bir neçə il əvvəl Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində müharibədə iştirak etmək ittihamı ilə həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 167-2.2.1 (dini ədəbiyyatın qanunsuz istehsalı, idxalı və yayılması), 167-3.1 (dini-ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik qurmaq) maddələri ilə ittiham olunurlar.
Məhkəmə prosesi 2020-ci ilin fevralında başlayıb. Amma pandemiya ilə əlaqədar prosesə uzun müddət fasilə verilib.
Turan