Qəzalı bina 22 ailənin həyatına təhlükə yaradıb

tərəfindən Gozetci

Sakinlər illərdir ki, aidiyyəti qurumlara müraciət etsə də, nəticəsiz qalıb

“Burda 22 ailə canını dişinə tutub yaşayır. Getməyə yerimiz olmadığına görə, məcburuq ki, dözək… Ancaq bir gün mütləq bu bina çökəcək və biz onun altında qalacağıq”.

Bakı şəhəri, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 22-də yerləşən ikimərtəbəli yaşayış binasının sakinləri narahatdır. Onların Meydan TV-yə deməsinə görə, yaşı 100-ü keçmiş binanın hər an çökəcəyi qorxusu burada yaşayanların iliyinədək işləyib.

“Taleyimiz tükdən asılıdır”

“Burda hamının taleyi sanki tükdən asılıdır. Hər an ölümümüzü gözə alıb nəfəs çəkirik. Uşaqdan tutmuş ahıllara qədər hər kəs qorxu içindədir və bu qorxu hissi illərdir ki, bizimlədir. Təsəvvür edin ki, gecənin bir aləmi şaqqıltıya ayılırsan, hiss edirsən ki, divarlar aralanır, döşəmənin altından sanki torpaq kütləsi axır… Dəfələrlə olub ki, səhərə yaxın qorxu canımızı bürüyüb, hamı evindən çıxıb, çölə toplaşıb. Deyirik, nə olacaqsa, heç olmasa yatmış vəziyyətdə baş verməsin, heç olmasa bəlkə kimsə canını götürüb qaça bildi. Halbuki, bina çöksə burdan qaçış yoxdur, hamı altında qalacaq”, – sakinlərdən biri danışır.

Sakinlər ara-sıra özləri təmir işləri aparırlar, ancaq bu, yetərli deyil. İstismar müddətini çoxdan başa vurmuş bina yaşamaq üçün təhlükəlidir:

“Borca-xərcə girib ev təmir edirik, bir dəfə güclü yağış yağmaqla bütün əziyyətimiz hədər olur. Tavanlardan başımıza şırıltıyla su axır. Çünki binanın dam örtüyü bərbad vəziyyətdədir, onu təmir etmək yox, yerli-dibli yeniləmək lazımdır, buna da maddi gücümüz çatmır. Bu, yalnız dövlətin görə biləcəyi işlərdir”.

 

 

Aidiyyəti qurumlar maraqlanmır

Sakinlərin gileyi aidiyyəti qurumlardandır. Onlar hesab edirlər ki, bu vəziyyət məmurları narahat etmir:

“Hacıbala Abutalıbovun vaxtında xeyli yazmışıq ona… Heç bir nəticəsi olmadı. İndiki başçı Eldar Əzizova da yazmışıq. Eləcə cavab gəlir ki, məktub çatıb. Ancaq nəticə yoxdur. Sabunçu Rayon İcra Hakimiyyətinə yazırıq, 72 saylı Mənzil İstismaq Sahəsinin rəisi gəlir, binaya baxır, deyir, nə etmək olar, siz müraciətlərinizi dayandırmayın, davam edin, bəlkə nəticəsi oldu. Bir sözlə, 22 ailənin taleyi qalıb ortalıqda… Hara gedək, dərdimizi bundan o tərəfə kimə deyək, bilmirik. Bakıxanovun mərkəzindəki salamat binaları söküb, yerində göydələnlər ucaldırlar, çünki maraqları var, o göydələnlərdən milyonlar qazanırlar. Ancaq qaldığımız yer mərkəz deyil, istədikləri gəliri götürməyəcəklər deyə, bu binanı heç qəzalı binalar siyahısına da salmayıblar”.

 

 

“FHN binaya baxış keçirib rəy verməlidir ki…”

Sabunçu rayonu, 73 saylı Mənzil-İstismar Sahəsindən Meydan TV-yə bildirilib ki, bina əvvəllər Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olub. ARDNŞ tikilidə heç vaxt əsaslı təmir aparmayıb və elə bu vəziyyətdə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatının balansına verib. Binadakı durumla bağlı bütün məlumatlar Fövqəladə Hallar Nazirliyinə (FHN) rəsmən bildirilib. Ancaq FHN hələ də binaya baxış keçirməyib. Gərək FHN baxış keçirib hər hansı rəy versin ki, Sabunçu Rayon İcra Hakimiyyəti də həmin rəyə uyğun addımlar atsın.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az