“18 yaşlı oğluma 8 ildən çox həbs cəzası kəsdilər”

tərəfindən Gozetci

Ana övladının cəzasının yüngülləşdirilməsini istəyir

“Həbs olunanda 18 yaşı vardı, həbsdən buraxılanda 26 yaşı olacaq. Sabahın əsgəri, gələcəyin ailə başçısı olacaqdı. İstədikləri rüşvəti vermədim deyə, ağıllarına gələni yazdılar ittiham aktına, bütün həyatını məhv elədilər”.

Elnarə Şıxəliyeva Meydan TV-yə danışır ki, oğlu Röyal Nurəliyev 2019-cu ilin oktyabrında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin quldurluq və xuliqanlıq maddələri üzrə cinayət işi qaldırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Ancaq ana hesab edir ki, Röyala verilən cəza həddindən artıq ağırdır.

“Dövlət hesabına ayrılan vəkil can yandırmadı”

“Bir nəfərlə dalaşıb, o adamın telefonunu sındırıb. Deyib ver, aparım, düzəltdirim. Aparıb verib telefonu ustaya, oğlan axşam zəng vurub ki, lazım deyil, düzəltdirmə, gətir telefonumu qaytar. Oğlum aparıb telefonu qaytaranda elə oradaca polislər tutub. Müstəntiq mənə “ağıllı uşaqdır, bir işdir də olub, bu gün buraxılacaq, sabah buraxılacaq” deyə-deyə, uşağın boynuna ən ağır maddələri yükləyib işi məhkəməyə göndərdi və ona ağır cəza kəsildi. Bizim problemimiz o idi ki, vəkil tutmağa maddi imkanımız olmadı, dövlət tərəfindən ayrılan vəkilsə pul verməmişdik deyə, işə can yandırmadı“,- ana danışır.

Röyal Nurəliyev orta məktəbi bitirəndən sonra küçələrdə bir taksi şirkətinin reklam kartlarını paylamaqla gündəlik çörək pulu qazanır, ailənin dolanışığına dəstək olurmuş. 2 oktyabr 2019-cu il tarixdə onunla birlikdə kart paylayan həmyaşıdlarıyla Nəsimi rayonu ərazisindəki çayxanalardan birində oturarkən həmin ərazidən keçən Taleh Rüstəmov adlı tanımadığı şəxslə mübahisəsi düşüb. Röyal Nurəliyev Taleh Rüstəmovun üz nahiyəsinə kəlləylə zərbə vurub. Anası deyir ki, dalaşarkən Taleh Rüstəmovun telefonu yerə düşüb və zədələnib. Röyal Nurəliyev telefonu götürərək ustaya aparıb düzəltdirəcəyini deyib, öz telefon nömrəsini ona verib ki, axşam zəngləşib görüşsünlər, telefonu ona qaytarsın. Axşam Taleh Rüstəmov ona zəng vuraraq telefonu geri istəyib, görüşüb telefonu qaytarmaq istəyərkən polislər yaxınlaşaraq onu həbs ediblər. Röyal Nurəliyev məhkəmədə özünü qismən təqsirli hesab edib və əməlindən peşman olduğunu bildirib. Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Taleh Rüstəmov da oxşar ifadə verib.

“Gələcəyini məhv elədilər”

Elnarə Şıxəliyeva deyir, istintaq vaxtı Röyal Nurəliyevlə Taleh Rüstəmov arasında barışıq da olub:

“Biz də arxayın olduq ki, uşaqlar barışıblar, bu, Röyalın cəzasının yüngülləşməsinə də səbəb olar. Ancaq məhkəməyə yaxın eşitdik ki, Röyalla bərabər tutulan uşaqlar ki vardı, valideynləri pul verərək onları həbsdən buraxdırıblar, bircə Röyal həbsdə qalıb. Həmin uşaqlar isə şahid kimi cəlb olunub. Mənə bir valideyn kimi təsir edən odur ki, Röyaldan başqa üç azyaşlı övladım var, kirayədə qalıram, vəziyyətimiz çox ağırdır. O, mənim dəstəyim idi, köməyim idi. Nə yaşı vardı ki, bir kəlləyə görə ona 8 il 3 ay həbs cəzası kəsdilər? Adam öldürməyib, narkotik satmayıb, bank yarmayıb… Oğlum ağ kağız idi, 8 ildən sonra həbsxanadan hansı vəziyyətdə çıxacaq, həyatını necə qaydasına salacaq? Məhkəmələr bir gəncin həyatını məhv edib”.

Hökm qüvvədə saxlanılıb

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən ötən ilin oktyabrında apelyasiya şikayəti verilsə də, təmin olunmayıb.

Hüquqşünas Namizəd Səfərov deyir, məhkəmələr hökm çıxararkən məhkumun ailə vəziyyətini, yaşını, ilkin məhkumluğunu və sair məsələləri nəzərə almalıdır. Lakin əksər hallarda hakimlər törədilmiş cinayətə görə qanunvericilikdə nəzərdə tutulmuş cəzanın maksimum həddini verirlər. Hüquqşünas bildirib ki, Röyal Nurəliyev hökm çıxarılan gündən 18 ay müddətində Ali Məhkəməyə kassasiya şikayəti verə bilər.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az