Elmir Abbasov saxlanma şəraətindən şikayət edir

tərəfindən Gozetci

Fevralın 20-də inzibati qaydada 30 sutka müddətinə həbs olunmuş və hazırda Sumqayıt Şəhər Polis İdarəsində müvəqqəti saxlama yerində saxlanılan NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasova şəxsi gigiyena üçün şərait yaradılmır.

Bu barədə Turana bu gün, martın 4-də E.Abbasovun anası Mətanət Abbasova bildirib. O, bunu bu gün oğlu ilə saxlandığı yerdə görüşdən sonra deyib.

M.Abbasovanın sözlərinə görə, Elmir Abbasov ona özünü normal hiss etdiyini deyib, lakin ona artıq 14 gündür çimmək üçün şərait yaradılmadığından şikayət edib. “Bundan əlavə Elmir üçün 10 gün əvvəl polis idarəsinə verdiyim paltarlar ona çatdırılmayıb və o 14 gündür eyni paltarda saxlanılır”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana xəbəri təkzib edib. Onun sözlərinə görə inzibati qaydada həbs olunmuş şəxslər arasında fərq qoyulmur. “Nizam qaydalarına uyğun olaraq inzibati qaydada cəzasını çəkən hər bir şəxsin gigiyena qaydaların tələblərinə ciddi nəzarət olunur”.

27-yaşlı Elmir Abbasov fevralın 16-da Facebook hesabındakı paylaşımında ölkə rəhbərliyini kəskin tənqid edib.

Bir neçə gün sonra Elmir Abbasov polis tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması) maddəsi ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

E.Abbasov özünü təqsirli bilməyib və həbsini yazdığı statusla əlaqələndirilir.

Hakimiyyət təmsilçiləri isə ölkədə heç kəsin fərqli fikrinə görə təqibə məruz qalmadığını deyirlər. Beynəlxalq qurumların Azərbaycanda demokratiya sahəsində geriləmə ilə bağlı tənqidləri isə, bir qayda olaraq, rədd olunur.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az