NİDA-çı fəal məhkəmədə döyülməsindən və cibinə narkotik atılmasından danışdı

tərəfindən Gozetci

Elmir Abbasov

Fəalın yaxınları məhkəməyə buraxılmayıb

NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasovun narkotik ittihamıyla 1 ay inzibati həbsi barədə qərardan verilən apelyasiya şikayətinə baxılıb. Martın 3-də Sumqayıt Apelyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyilə keçirilən məhkəmə prosesini izləməyə gələnlərin heç biri, hətta NİDA-çı fəalın anası da buraxılmayıb. Vəkil Elçin Sadıqov məhkəmə prosesinin açıqlığı prinsipinə əməl olunması, prosesi izləməyə gələnlərin buraxılması haqda vəsatət qaldırsa da, təmin edilməyib.

Məhkəmədə vəkil Elmir Abbasovun yaşadığı evin yaxınlığındakı obyektlərdə olan müşahidə kameraları, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin qarşısında və içərisində olan kameraların görüntülərinin alınıb baxış keçirilməsi, şəhərin polis rəisinin müavini Rauf Babaşovun dindirilməsi və s. vəsatətlər qaldırıb. Vəsatətlərin heç biri təmin edilməyib.

Elmir Abbasov necə tutulması, polislər tərəfindən döyülməsi və cibinə narkotik atılmasından danışıb. O bildirib ki, cibinə narkotik Sumqayıt Şəhəri 4-cü Polis Bölməsinin qarşısında polis ona zor tətbiq edərkən atılıb. O, bölmədə kamera qarşısında cibindən narkotik maddə tapılanda da ona məxsus olmadığını deyib.

Elmir Abbasov sosial şəbəkələrdə yazdığı tənqidi statuslara görə narkotiklə şərləndiyini vurğulayıb. NİDA-çı fəal və vəkili Sumqayıt Şəhər Məhkəməsinin 1 aylıq həbs qərarının ləğv olunmasını, ona qarşı qanunsuzluq etmiş polislər haqqında xüsusi qərar çıxarılmasını istəyib.

Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

NİDA-dan Meydan TV-yə bildirilib ki, Elmir Abbasovun həbsilə əlaqədar Avropa Məhkəməsinə şikayət göndəriləcək.

1994-cü il təvəllüdlü Elmir Abbasov fevralın 19-da saat 16 radələrində saxlanılıb. Ertəsi gün isə Sumqayıt Şəhər Məhkəməsində haqqında 1 aylıq həbs qərarı çıxarılıb.

Gənc fəalın həbsindən iki gün əvvəlki son paylaşımlarından biri belə olub:

“Azərbaycan xalqı həqiqəti bilir, amma onu demir. Xalq bilir ki, ölkədə baş verən milyardlıq korrupsiya faktlarının əsl səbəbkarı İlham Əliyevdir. Nazirlər, məmurlar isə sadəcə bu işin kiçik payçılarıdır. Elə şey olar ki, dövlət büdcəsindən milyardlar silinsin və dövlətin başında dayanan şəxsin bundan xəbəri olmasın? Əlbəttə ki, xəbəri var və bundan öz qazancı da var. Yaxşı, xalq bunu bilir bəs niyə demir?

Çünki xalq İlham Əliyevdən qorxur. Daha dəqiq desək, İlham Əliyevə qarşı çıxacaqsa, itirəcəyi şeylərə görə qorxur. İşini, ətrafını, azadlığını, həyatını itirməkdən qorxur. Ən pisi isə özünə siyasətçi deyənlərin də belə olmasıdır. Nəticədə qorxaq siyasətçi / vətəndaş qorxaqlığı xalqa təbliğ edir və xalq da siyasətə qorxaq yanaşır. Əsas fiquru deyil, sistemin piyadalarını tənqid etməklə Azərbaycan siyasətində nələrinsə dəyişəcəyinə inanmaq, qorxaqlığın gətirdiyi sadəlövhlükdür”.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az