SOCAR-da ixtisarlar: Ərizə yazmaq istəməyənlərə psixoloji təzyiq edildiyi deyilir

tərəfindən Gozetci

“Heç bir rəhbər imtahana cəlb olunmayıb”

“Bizə martın 22-dək vaxt vermişdilər, indi isə deyirlər ki, bu həftədən işdən çıxarılacaqsız. Öz ərizəsi ilə işdən çıxanlara əməkhaqqının 5 misli ödənilir. 49 yaşım var, bunun 16 ilini SOCAR-da işləmişəm. Bu yaşdan sonra haradan iş tapacam?”

Bunu Meydan TV-yə Dövlət Neft Şirkətinin Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin ixtisarla bağlı bildiriş alan əməkdaşlarından biri deyib. Onun sözlərinə görə, hələ də işdən çıxmamaq üçün yollar aramaqla məşğuldur:

“Ərizə yazmaq istəməyənlərə psixoloji təzyiq edirlər. Bildirirlər ki, əks halda əmək müqaviləsinə son qoyulacaq. Yəni əməkhaqqının 5 misli ödənilməyəcək, proqrama qoşulmaq şansı olmayacaq. Çoxu proqrama qoşulmaq istəyir ki, iş olarsa onları geri çağırsınlar. Hamı çarəsiz vəziyyətdədir. Keçən ay 21 şirkətə iş üçün müraciət etmişəm, heç birindən müsbət cavab gəlməyib”.

ARDNŞ-in “Siyəzənneft” NQÇİ, “Tağıyev adına” NQÇİ, “Bibiheybətneft” NQÇİ, “Əmirov adına” NQÇİ, “Abşeronneft” NQÇİ-nin qurudakı sahələrində, həmin qurumların təhlükəsizlik idarələrində çalışanların yarısının ixtisara salınacağı bildirilir. Bundan əlavə, qazma, geologiya və geofizika, o cümlədən arxiv idarələrində də ixtisarlar gözlənilir.

Neftçilər deyirlər ki, imtahanlar da bir tərəfdən işdən çıxarmaq üçün bəhanə rolunu oynayır. 20-30 il eyni sahədə çalışan işçi az bal toplamaq adı ilə ixtisara salınır.

“Kimi öz ərizəsi ilə işdən çıxarılır, kimi proqrama qoşulur, kimi də imtahan bəhanəsi ilə ixtisara salınır. Nəticədə SOCAR kütləvi ixtisarlar olmadığı görüntüsünü yarada bilir”, – adının açıqlanmasından çəkinən neftçilərdən biri Meydan TV-yə söyləyib.

Şikayətçilərdən biri 25 ilə yaxındır qazma idarəsində mühəndis kimi çalışıb. Yetərli bal toplasa da, çalışdığı ştatın bağlanması səbəbi ilə ixtisar edilib. Dediyinə görə, ondan aşağı bal toplayanlar isə işdə saxlanılıb: “Başqa iş təklif ediblər, amma maaşı azdır. Hələlik proqrama qoşuluram, bəlkə nə vaxsa işə çağırdılar”.

İşçilərdən biri isə yazıb ki, Dövlət Neft Akademiyasının Kimya-texnologiya fakültəsini bitirib, illərdir hasilat üzrə usta vəzifəsində işləyib. İmtahanda yüksək bal topladığı halda sexlər birləşdirilib, ona da ixtisarla bağlı bildiriş gəlib. Yerinə sexlər birləşərkən işsiz qalan rəis müavini götürülüb. SOCAR Abşeron Qazma Şirkətində də 300 işçi ixtisara salınıb.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı da kütləvi ixtisarlara başlanıldığını təsdiqləyib. Qəhrəmanlı bildirib ki, rəhbərlik etdiyi təşkilata ixtisarlarla bağlı hər gün onlarla müraciət daxil olur: “SOCAR-da keçirilən imtahanlar qeyri- qanunidir və bu imtahanların nəticələrinə əsasən işçini ixtisara salmaq qanuna ziddir. Amma indi növbə qazmaçılarındır. Kompleks Qazma İşləri Trestinin işçiləri imtahan olunurlar. İmtahanlarla bağlı işçilərə bir həftə əvvəldən məlumat verilib”.

Hüquq müdafiəçisinin sözlərinə görə, NQÇİ-lərin hər birində işçilərin yarısı ixtisara salınacaq. “İxtisara salınanların çoxuna ərizə yazdırırlar, əmək haqqının 5 misli ödənilir. Yaxud işdənçıxarma ilə bağlı ərizə yazdırıb proqrama salırlar ki, guya iş olanda təklif edəcəklər. Hələlik bildirişlərin paylanması davam edir. Amma heç bir rəhbər vəzifəli şəxs imtahanlara cəlb edilməyib”.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair Proqram”a əsasən işçilərə əvvəllər aldıqları orta aylıq əmək haqqının 50 faizi həcmində müavinət ödənilir, həmçinin onların tibbi sığortası proqramda olduğu müddətdə saxlanılır. İxtisara salınmış işçilərin şirkətin digər struktur bölmələrində yerləşdirilməsi prosesi də proqram çərçivəsində həyata keçirilir.

SOCAR-dan isə Meydan TV-yə deyiblər ki, şirkət daxilində kütləvi ixtisarlarla bağlı deyilənlər həqiqət deyil.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az