“Oğlum polislər tərəfindən vəhşicəsinə döyülüb”

tərəfindən Gozetci

Qubadlı rayonundan məcburi köçkün olan və hazırda Sumqayıt şəhərində yaşayan şəhid xanımı Nəcəfquliyeva Fəxriyə Əmirulla qızı ölkə başçısına mətbuat vasitəsilə müraciət ünvanlayıb.

Fəxriyyə Nəcəfquliyeva şikayəti Sumqayıt Polis İdarəsindənin bəzi əməkdaşlarındandır. O bildirib ki, 04.12.1977-ci il təvəllüdlü övladı Quliyev Ceyhun Ələmqulu oğlu 04.02.2021-ci ildə sərxoş halda idarə etdiyi 114 №-li marşrut avtobusunda yol polisinin “saxla” əmrinə tabe olmayıb və polislər onu məcburi dayandırıb, vəhşicəsinə döyüblər.

“II qrup əlil və şəkərli diabet xəstəsi olan oğlumun burnu, dişləri sındırılmış, üz nahiyəsi tanınmaz hala salınmışdır. Qalan gözlə görünməyən nahiyələrindən xəbərim yoxdur”.

Quliyev Ceyhunun anası deyir ki, bu ilin fevralın 5-də oğlu inzibati xəta maddəsi ilə məhkəməyə gətirilib: “Şəhid ailəsi olduğu üçün məhkəmə işi geri qaytardı. Polislər barmaq izini götürüb, sonra buraxacaqlarını deyərək, oğlumu məhkəmədən apardılar. Sonradan oğlumun üzünə yalançı şahid tutaraq, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə onu ittiham irəli sürüblər”.

F.Nəcəfquliyeva oğlunun hazırda şəhər polis idarəsinin zirzəmisindəki həbsxanada saxlandığını deyir. O, övladının həyatının təhlükədə olduğunu bildirir.

“Oğlumu vəhşicəsinə döyən polis əməkdaşlarından biri Elnur Rəhimovdur. Mən oğlumun törətdiyi əməli pisləyir, ona haqq qazandırmağa da çalışmıram. Amma polis əməkdaşları hansı ixtiyarla, hansı haqla mənim oğlumu bu hala salıb? Onlara bu ixtiyarı kim verib? Onlar bu qədər qoluzorlu və güclüdürlərsə, mənim şəhid olan həyat yoldaşım kimi, öz güclərini Qarabağ savaşında erməniyə göstərərdilər”.

Şikayətçi deyib ki, bunu edənlər Azərbaycan dövlətinin, Azərbayacan polisinin adına ləkə gətirən xainlər ola bilər.

“Mən bu vəhşiliyi edən polislərin milli mənsubiyyətinə şübhə edirəm.
Polislər tərəfindən döyülən oğlumun oğlu hazırda hərbi xidmətdədir. Sizdən xahiş edirəm, oğlumun həkim tibbi ekspert komissiyası tərəfindən yoxlanıb rəy verilməsi, habelə onu vəhşicəsinə döyüb, sifətini tanınmaz hala salan Sumqayıt Polis İdarəsi əməkdaşlarının istintaqa cəlb edilməsi üçün aidiyyatı qurumlara göstəriş verəsiniz”.

abzas.net

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az