“Uşağa dedim ki, imkanımız atanla birlikdə öldü“

tərəfindən Gozetci

Gülarə Sadıxova 7 il əvvəl həyat yoldaşını itirib

Bakı sakini işsizlikdən, imkansızlıqdan gileylənir

Bakının Novxanı qəsəbəsində yaşayan Gülarə Sadıxova 7 il əvvəl həyat yoldaşını itirib. Həyat yoldaşını itirəndə qızının 2 yaşı olub. 9-cu sinfə qədər oxuyan Gülarə Sadıxovanın heç bir iş təcrübəsi yoxdur. Deyir ki, mərhum həyat yoldaşı evin xərclərini lazimi qədər qarşıladığından onun oxumasına, işləməsinə ehtiyac qalmayıb.

İndi o, iş axtarsa da, üz tutduğu qurumlardan “bizə təcrübəli işçi lazımdır” cavabını alır.

“18 yaşı olmayan uşağın pulunu kəsmək hansı məntiqə sığan qanundur?”

“Mən bisavad adamam. Amma bilirik ki, uşağın 18 yaşı olana kimi ona ayrılan yardım kəsilmir. 160 manat pul verirdilər. İndi deyirlər, 8 yaşı olub, daha 80 manat verəcəyik. 18 yaşı olmayan uşağın pulunu kəsmək hansı məntiqə sığan qanundur? Mən başa düşmürəm, hökumət 8 yaşında uşağı işə göndərməyimi istəyir, yoxsa fikirləşirlər ki, 160 manat çox idi, azaltmaq lazımdır?” – Gülarə Sadıxova şikayətlənib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, uşağa ayrılan müavinətin azaldılması qanunvericiliyə uyğun şəkildə edilib:

“Sadıxova Bəsti Əziz qızına ailə başçısını itirdiyinə görə 80 manat, Sadıxova Gülarə Əziz qızına isə 8 yaşadək uşağa qulluq etdiyinə görə 80 manat məbləğində müavinət təyin edilib. 27 sentyabr 2019-cu ildə uşağın 8 yaşı tamam olduğuna görə ona qulluq edən şəxs müavinət almaq hüququnu itirib”.

“80 manata yemək almaq olmur, uşağa necə telefon alım ki, dərsə qoşulsun?”

“Rəhmətlik yoldaşım avtobus sürürdü, amma işi rəsmi deyildi. Gündəlik evinə çörəkpulu gətirən adam olub. İndi o yoxdu, biz də qalmışıq dövlətə möhtac. Dövlət də 80 manat verir ki, get bu pulla necə bacarırsan, elə dolan. Mən evimdə vətəndaş böyüdürəm. Telefonum köhnədir, internetə qoşulmur. 80 manata yemək almaq olmur, uşağa necə telefon alım ki, dərsə qoşulsun? Bir ildir uşaq məktəbə getmir. Məktəbdən də soruşan olmayıb ki, bu yetim hardadır. Nolar yetim olanda, bu uşaq savadsız olmalıdır? Dövlət məktəbi nə üçündür? Mən istəmirəm ki, qızım da mənim kimi savadsız olsun. Üzümü tuturam dövlətə, sizə necə vətəndaş lazımdır, savadlı, yoxsa mənim kimi verdiyiniz 80 manata möhtac?“, – deyə Gülarə Sadıxova bildirib.

Azərbaycan Respublikasının 2019-cu ildə imzaladığı “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmanına əsasən ailə başçısını itirənlər üçün müavinət 80 manat məbləğində müəyyənləşdirilib. Bundan əlavə vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən digər valideyinə, qardaş, bacı, nənə və ya babaya əlavə 80 manat müavinət verilir. Nazirlik bu məbləği təyin edərkən hansı praktikaya əsaslandığı barədə hər hansısa məlumatı ictimaiyyətə açıqlamayıb.

Ananın sözlərinə görə, qızı Bəsti atasını xatırlamır, amma bilir ki, atası olsaydı, indi onun da təzə paltarları, komputeri və arzuladığı gəlinciyi olacaqdı. İndi isə anasından ancaq “imkan yoxdur, pul olanda alacam” sözlərini eşidir:

“Uşaq ağzını açıb bir şey istəsə, “imkanımız olanda alacam” deyirəm. O gün məndən soruşdu ki, ana imkan nə vaxt olacaq? Mən də dedim ki, imkan atan ilə bir yerdə getdi o biri dünyaya . Nə deyim axı, utanıram uşağın üzünə baxmağa”

“Belə getsə, soyuqdəymədən yataq xəstəsi olacam”

“Evdə paltaryuyanım yoxdur. Heç həyətə gələn suyu evə çəkdirəcək qədər də pulum yoxdur. Çıxıram qışın günü həyətə, buz kimi su ilə paltarımı, qabımı yuyuram. Tez-tez xəstələnirəm. Belə getsə, soyuqdəymədən yataq xəstəsi olacam. Onda mənim uşağıma kim baxacaq? “,- Gülarə Sadıxova maddi sıxıntılarının sağlamlığına da təsir etdiyini deyib.

İqtisadçı ekspert Toğrul Vəliyev deyib ki, sosial müavinət Azərbaycan siyasətinə əsasən tam gəliri təşkil etmir:

“Hesab edilir ki, insanın hansısa gəliri var, işi var, sadəcə yetərli olmadığı üçün dövlət müavinət ayırır. Müavinət ayrılan şəxsə icazə verilir ki, işləyib maaş alsın. Hansı səbəbə görə olduğu bilinməsə də, bu məbləğ 50-80 manat arası dəyişir. Problem ondan ibarətdir ki, Azərbaycanda həm sosial infrasturuktur yaxşı deyil, qeyri-effektivdir, həm də bir tərəfdən çox az məbləğdə ehtiyaclı şəxslərə çox kiçikhəcmli vəsaitlə ayrılır”.

Gülarə Sadıxovanın misalında neçə nəfərin eyni problem yaşadığını rəsmi statistikalardan öyrənmək mümkün olmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsindən Meydan TV-yə bu sualı yalnız Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynovun cavablaya biləcəyini deyiblər. Nazirliyin rəsmi səhifəsində Babək Hüseynovun əlaqə nömrəsi qeyd olunsa da, dəstəyi götürən yoxdur.

Dövlət Statistika Komitəsinin müavinətlərlə bağlı 2020-ci il üçün yayımladığı hesabata görə, 10000 hər iki valideynini itirən uşağın qəyyumuna sosial müavinət ayrılıb. Bu hesabatda ailə başçısımı itirdiyinə görə müavinət alanların siyahısı yoxdur.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az