Vəkil: “Jurnalist məhkəmə prosesində dəmir qəfəsdə saxlanılıb”
Martın 18-də Gəncə Apelyasiya Məhkəməsində “Anews.az”ın bölgə müxbiri Zaur Qənbərovun şikayətinə baxılacaq.
Məlumatı jurnalistin vəkili Cavad Cavadov verib.
Bildirib ki, məhkəmənin tarixi barədə qərar fevralın 4-də keçirilən hazırlıq iclasında verilib.
Zaur Qənbərov ötən il oktyabrın 29-da Gədəbəy Rayon Məhkəməsi tərəfindən 3 il 6 ay azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq) ilə ittiham olunur.
Jurnalistin iddiasına görə, həbs edilməsinin səbəbi Gədəbəydə məmurlar haqqında yazdığı araşdırma məqalələridir.
Cavad Cavadovun sözlərinə görə, hazırlıq iclasında jurnalist Zaur Qənbərovun hüquqları pozulub. Belə ki, jurnalist məhkəmə prosesində dəmir qəfəsdə saxlanılıb və bu, insan hüquqlarına və Avropa İnsan Haqları Məhkəməsi Konvensiyasının 3-cü maddəsinə ziddir.
“Hazırlıq məhkəməsində biz həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırdıq. Həmçinin apelyasiya baxışını qismən məhkəmə istintaqı ilə aparılmasını da xahiş etdik. Məhkəmədən ekspertizanın təyin edilməsini istəsək də, vəsatətlərimiz təmin edilmədi”, – deyə vəkil əlavə edib.
Cavad Cavadovun sözlərinə görə, məhkəmə apelyasiya şikayətinə baxışı martın 18-ə deyil, daha yaxın zamana sala bilərdi.
Vəkil bunu jurnalistə qarşı qərəzli münasibət kimi dəyərləndirir.
Jurnalist Zaur Qənbərov 44 günlük müharibə zamanı həbs edilib. Jurnalist müharibədə iştirak üçün könüllü müraciət etsə də, onun müraciəti qəbul edilməyib.
“Ümid edirik ki, ölkə başçısı ölkədə jurnalistlərə qarşı olan diqqəti nəzərə alıb, bu məsələnin obyektiv həllində lazım olan qurumlara tapşırıq verəcək”, – Cavad Cavadov bildirib.
Meydan TV