Məhkəmə Mustafa Hacıbəylinin şikayəti üzrə qərarın elan edilməsini təxirə salıb

tərəfindən Gozetci

Yanvarın 29-na təyin edilmiş müxalif jurnalist və fəal Mustafa Hacıbəylinin prokurorluğa qarşı şikayəti üzrə Binəqədi Rayon Məhkəməsinin qərarının elan edilməsi baş tutmayıb. Hakim iclası fevralın 5-nə qədər təxirə salıb. Bu barədə Hacıbəyli özü bildirib.

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri və Basta saytının redaktoru Mustafa Hacıbəyli Binəqədi Rayon Prokurorluğunun hərəkətsizliyindən şikayət verib. Şikayətə baxılmasına yanvarın 28-də elə həmin rayonun məhkəməsində başlanıb.

“Keçən il Mərkəzi Seçki Komissiyasının qarşısında keçirilən aksiya zamanı saxlanılmışam və polis bölməsində fiziki təzyiqə məruz qalmışam. Məsələ ilə bağlı Binəqədi Rayon Prokurorluğuna şikayət etmişəm. Lakin mənin şikayətimə rədd cavabı verilib. Buna görə mən məhkəməyə müraciət etdim. Bugünki iclasda iki şahidin dindirilməsini xahiş etdim. Vəsatətim təmin edildi”, deyə Hacıbəyli bildirib.

Məhkəmə onun vəsatətini təmin edib və iki şahidi dindirib.

Onlardan biri təsdiq edib ki, Hacıbəyli saxlanılmazdan əvvəl üzündə xəsarət yox idi. Digər şahid Hacıbəyli polisdən çıxarkən onda xəsarət izləri olduğunu bildirib.

Hacıbəylinin sözlərinə görə, proses zamanı prokurorluq nümayəndəsi siyasi xarakterli suallar verib. “Soruşurdu ki, “nə üçün iddia edirsiniz ki, seçkilər saxtalaşdırılıb?”, “nə üçün orada “Azadlıq” qışqırmısınız?”. Amma bu sualların şikayətin  predmeti ilə əlaqəsi yox idi. Prokuror şikayəti təmin etməməyi xahiş edib”, deyə Hacıbəyli qeyd edib.

Hakim Elçin Ağayev bildirib ki, məhkəmə “müşavirəyə çəkilir” və qərarı yanvarın 29-da elan edəcək.

“Amma dünən (yanvarın 29-da) hakim bildirib ki, qərar fevralın 5-də elan ediləcək”, deyə Hacıbəyli bildirib.

O, həmçinin vəkili Nemət Kərimlinin prosesə buraxılmadığını qeyd edib.

Vəkil bunu ədalətli məhkəmə təhqiqatı hüququnun pozuntusu kimi qiymətləndirib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az