Azərbaycan AİHM qərarlarının sayına görə liderlər sırasındadır

tərəfindən Gozetci

Azərbaycan 2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) barəsində ən çox qərar çıxardığı 5 ölkədən biri olub. Bu barədə yanvarın 28-də AİHM-in açıqladığı hesabatda deyilir.

Ötən il qurumun qəbul etdiyi 871 qərardan 37-i Azərbaycana qarşı çıxarılıb.

Hesabata görə, Azərbaycan ən çox azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququnu pozub. Azərbaycan həmçinin Avropa məhkəməsinə ən çox şikayət edilən 6 ölkədən biridir. Azərbaycandan göndərilən 2 min şikayət baxılmasını gözləyir.

2019-cu il aprelin 3-də prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb.

Fərmana görə, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Turan-a bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin çıxarmış olduğu bu və buna bənzər qətnamələrin mahiyyətinə varanda məlum olur ki, burada daha çox hüquqi prosedurların pozulması ilə bağlı məsələlər öz əksini tapıb.

“Yəni, konkret olaraq insanın hüquqlarının ölkə səviyyəsində, rəsmi olaraq deyil, daha çox məhkəmə prosesi, istintaqın gedişi zamanı yol verilmiş hüquqi prosedurların pozulmasına görə qınağa məruz qalırıq”.

Deputatın fikrincə, bununla bağlı hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində ciddi islahatlar daha geniş xarakter almalıdır.

F.Ağamalı qeyd edib ki, Azərbaycan yeganə ölkələrdəndir ki, burada vətəndaşların hüquqları qorunur.

“Çox təəssüf ki, bəzi partiyaların üzvü və ya sədri olaraq bir sıra hallarda hüquq pozuntulara yol verəndə və cinayət məsuliyyətinə cəlb olunanda bunu siyasiləşdirməyə çalışırlar. Əslində bunu antiazərbaycan dairələrinə ötürürlər, onlar da bunu Azərbaycana bir təzyiq forması kimi istifadə etməyə çalışır”,-  o qeyd edib.

Bakı İnsan Hüquqları Klubun rəhbəri Rəsul Cəfərov bildirib ki, Avropa məhkəməsinin hesabatı ölkədə məhkəmə-hüquq islahatlarına ehtiyacın olduğunu göstərir: “Azərbaycanın məhkəmə-hüquq sistemində çox ciddi və fundamental dəyişikliklər olmalıdır. Son illərdə bəzi dəyişikliklər olub, amma göründüyü kimi, onlar fundamental yox, daha çox texniki xarakterlidir və məhkəmə-hüquq sisteminin  müstəqilliyini tam təmin etməyib.”

Hüquq müdafiəçisi qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etdiyi qərarlar hüquqi pozuntularla bağlıdır.

“Bu hüquq pozuntuları ona görə ortaya çıxır ki, yerli məhkəmələr təəssüf ki, onları araşdıra bilmir və nəticədə belə bir statistika yaranır.

R.Cəfərov Avropa məhkəməsinin qərarlarının icrasına da toxunub. Onun sözlərinə görə, qərarların icrası məhkəmə-hüquq sistemi ilə bağlıdır.

“Amma məhkəmə-hüquq sistemindən fərqli olaraq burada siyasi iradə daha çox görünür. Çünki qərarların icrasına yuxarı məhkəmə instansiyaları, yəni Azərbaycanın Avropa məhkəməsində daimi nümayəndəsinin təqdimatı ilə Ali Məhkəmənin Plenumu həyata keçirir. Bəzi təqdimatlar gec verilir, bəziləri, ümumiyyətlə verilmir, qərarlara Plenumda gec baxılır”, – o qeyd edib.

AİHM indiyə qədər Azərbaycana qarşı ümumilikdə 215 qərar qəbul edib. Həmin qərarların 206-da Avropa Konvensiyasının azı 1 maddəsinin pozuntusu təsbit edilib. Azərbaycanda ən çox pozulan hüquq ədalətli məhkəmə araşdırması hüququdur.

Seçki hüququnun pozuntusuna görə Azərbaycan Avropa Şurası məkanına daxil olan ölkələr arasında 1-cı sıradadır – Azərbaycanla bağlı 25 işdə bu hüququn pozuntusu tanınıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az