Gəncə işi: ‘Məni göstərib dedilər ki, bunun üzünə duracaqsan…’

tərəfindən Gozetci

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmə prosesi dörd aylıq fasilədən sonra davam edib. Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

Yanvarın 26-da məhkəmədə 15 şahid dindirilib. Onların arasında E.Vəliyevi öldürmək cəhdində suçlanan Yunis Səfərovun qohumundan tutmuş, Gəncədə hadisədən sonra onu polis idarəsinə aparan, Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çalışan polis əməkdaşlarına qədər müxtəlif şəxslər olub.

Y.Səfərovun bacanağı Fərman Cəfərov bildirib ki, istintaqdakı ifadəsi təhrif olunub. Cinayət işinin materiallarındakı ifadədə yazılmış fikirlər ona aid deyil. Söhbət Y.Səfərovu mənfi xarakterizə edən ifadələrdən gedir.

Deyir, əlində silah yox, yemiş və dondurma olub

Bu məhkəmədə Y.Səfərov da daxil, 12 nəfər mühakimə olunur. Lakin onlardan ikisi – Ağa Sərxani və Anar Bağırov 2018-ci ilin iyulunda saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Buna baxmayaraq, təqsirləndirilən şəxs qismində tanınıblar. A.Sərxaninin həyat yoldaşı, A.Bağırovun isə bacısı onların hüquqi varisi qismində tanınıb. Hər ikisi onların icra başçısına sui-qəsdə aidiyyəti olmadığını, günahsız olduqları halda öldürüldüklərini vurğulayaraq bəraət verilməsini istəyirlər.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Fərhad Məmmədov təqsirləndirilən şəxslərdən Cəfər Zalovun saxlanması haqda danışıb. O bildirib ki, C.Zalovu yaşadığı binanın qarşısında saxlayıblar. Bu zaman onun əlində dini məzmunlu kitab, bel nahiyəsində də silah olub. Polisin sözlərinə görə, C.Zalov üstündəki tapançanı onlara təhvil verməklə kifayətlənməyib. Deyib ki, evdə də silah-sursat var. Onlar da birlikdə evə qalxıb, paltar dolabından qumbara və digər silahları, dini məzmunlu kitabları götürüb idarəyə gəliblər.

C.Zalovpolisin yalan danışdığını bildirib. Onun sözlərinə görə, əlində silah yox, evə aldığı yemiş və dondurma olub. Onu birbaşa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. Həmin gün evdə axtarış olmayıb. C.Zalov deyir ki, polislər evinə ertəsi gün, onun iştirakı olmadan gediblər: “Özləri ilə apardıqları silahları qoyub, sonra da götürüblər”.

Hal şahidləri

C.Zalovun saxlanmasında iştirak etdiyi iddia olunan iki hal şahidi – Qulam Məmmədov və Ceyhun Məmmədov da məhkəmədə dindirilib. Q.Məmmədov deyir ki, metronun “Gənclik” stansiyasının yaxınlığında olanda polislər ona yaxınlaşıb, hal şahidliyi etməsini istəyiblər. O da razılaşıb və C.Zalovun necə tutulduğuna şahidlik edib.

C.Zalov onun da yalan danışdığını söyləyib: “Bunu “bandotdel”də otağa gətirdilər, məni göstərib dedilər ki, bunun üzünə duracaqsan. O da mənə qayıtdı ki, “bağışla, Allah qapını açsın”.

Təqsirləndirilən şəxslərdən Vüqar Məmmədovkeçmiş polis əməkdaşıdır. Vəkili onun məhkəmənin yekun hökmü çıxarılana qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasının bu vəsatətlə bağlı qərarı yanvarın 28-də keçiriləcək növbəti məhkəmə iclasında açıqlanacaq.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az