Hüquq müdafiəçisi: “Sərt karantin rejimində hər dəfə imtahanda 50 nəfər iştirak edib”
“54 yaşım var, 10 ildən artıqdır SOCAR-da çilingər işləyirəm. İndi mənə bildiriş gəlib ki, ixtisar olunacam. Guya ki, imtahanda yetərli bal yığmamışam. Bu yaşımdan sonra kim mənə iş verəcək? Tikinti şirkətləri yaşlılarla işləmək istəmir”.
Bunu Dövlət Neft Şirkətinin adının çəkilməsini istəməyən əməkdaşı deyib.
Şikayətçinin sözlərinə görə, onun kimi onlarla işçiyə bildiriş verilib, kütləvi ixtisarlar olacağı deyilib. Buna görə də çoxu şöbə rəislərinin, rəhbər işçilərin kabineti qarşısında növbə gözləyir, işdə saxlanılmaq üçün yollar axtarırlar: «İmtahanda texnikə, mühəndisə verilməli olan suallar salınmışdı. Evdə uşaqlar sualların cavablarını internetdə axtardılar, bu suallar dövlət imtahanlarına salınır. Elə vəziyyət yaranıb ki, heç birimiz qorxudan şikayət edə bilmirik ki, ilk işdən çıxarılan olmayaq. Hamının əli ürəyinin üstündə qalıb».
Şikayətçi deyib ki, 2 övladı var, 2019-cu ilin oktyabrında kredit götürüb, hələ də faiz verir: “Oğlum 11-ci sinifdə oxuyur, kurslara gedir. Evdə tək mən işləyirəm, doyunca yemək də yemirik. Stresdən, fikirdən gecə-gündüz yatmıram. Bizim axırımız nə olacaq”.
İşçilərdən biri isə yazıb ki, 60 yaşındadır, 40 illik iş stajı var, pensiyaya çıxmağına az qalıb. 67 bal toplayaraq ixtisara düşüb.
“Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustandakı tədris mərkəzində işçilər arasında yenidən imtahanlar keçirib. Bugünlərdə, yəni sərt karantin rejimində imtahan olub. İmtahanlar işçilərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün istifadə edilən yollardan birinə çevrilib.
Bu halda SOCAR tərəfindən həm ölkənin əmək qanunvericiliyi, həm də Operativ Qərargahın sərt karantinlə əlaqadar qoyduğu qadağalar pozulub”, – Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı belə deyib.
Hüquq müdafiəçisi söyləyib ki, imtahanlar Əmək Məcəlləsinə ziddir və imtahanın nəticələrini əsas götürərək işçinin işdən çıxarılması yolverilməzdir:
“Digər tərəfdən, sərt karantin rejimində hər dəfə imtahanda 50 nəfər iştirak edib, bu da karantin qaydalarının pozulmasıdır. Təşkilatımıza bununla bağlı şikayətlər daxil olur. İmtahanların keçirilməsi ilə qanun pozuntusuna yol vermələri azmış kimi, sualları da ixtisaslar üzrə vermirlər. Məsələn, çilingərə mühandis ixtisası ürə sual verilir, halbuki çilingərə o sualların cavabını bilmək lazım deyil”.
Mirvari Qəhrəmanlı əlavə edib ki, imtahanların nəticələrinə görə işdən çıxarılanlar məhkəməyə müraciət edə, hüquqlarının təmin olunmasına nail ola bilərlər:
“Şirkətdə daha çox çilingər, fəhlə, operator kimi işçilər ixtisara salınır. Bildiriş verilən fəhlələr arasında yüksək vəzifədə oturanların qohum-əqrabası yoxdur. İmtahanda çilingərə elə sual veriblər ki, mən onu institutda keçmişəm. İşçilər stress keçirirlər. Hətta bir nəfərin stresdən öldüyü bildirilir. Neçə aylardır işçini belə həyəcanda saxlayırlar. İmtahan keçirilirsə, işçinin işinə aid suallar verilsin”.
Mirvari Qəhrəmanlı bildirib ki, dünənədək artıq 300-dən çox işçiyə bildiriş verilib: “Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsində artıq 47 şəxsə işdən ayrılması üçün sənəd imzaladıblar. “Bibiheybətneft”dən 142 işçiyə ixtisar olunmaları ilə bağlı bildiriş verilib. Əlimizdə onlarla imzalanmış bildirişlər var” .
SOCAR-dan isə Meydan TV-yə bildiriblər ki, kütləvi ixtisarlar nəzərdə tutulmayıb.