Məhkəmə keçmiş Gəncə məmurlarının həbs müddətini iki ay uzadıb

tərəfindən Gozetci

Binəqədi Rayon Məhkəməsi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayev və Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Əli Rüstəmov barəsində seçilmiş həbs qətimkan tədbirini daha 2 ay  uzadıb.

Onların hər ikisi 2020-ci ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən açılmış cinayət işi ilə əlaqədar saxlanılıb.

İstintaq zamanı əldə olunan ilkin sübutlar əsasında Məharət Mustafayevin Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən qabaqcadan əlbir olduğu Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girməklə, onların vasitəsilə ayrı-ayrı şəxslərdən müxtəlif vaxtlarda fərdi yaşayış evlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi, eləcə də digər qanunsuz məqsədlər üçün ümumilikdə 194 min 300 manat məbləğində pul vəsaitini rüşvət qismində ələ keçirməsinə, həmçinin istehsal fəaliyyətinin davam etdirilməsinə şərait yaradılmasını vəd etməklə, vətəndaşa məxsus 175 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Həbs olunan şəxslər Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda təkrar rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik), 29, 178.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluğa cəhd etmə) və digər maddələri üzrə ittham olunurlar.

Müttəhimlərin vəkillərindən şərh almaq mümkün olmayıb.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az