Yerli məhkəmələr Əli Kərimlinin işgəncə şikayətinə baxmaqdan imtina etdi

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin işgəncə şikayətinə yerli məhkəmələr baxmaqdan imtina edib. Partiyadan AzadlıqRadiosuna bildirilib ki, Bakı Apellyasiya Məhkəməsi də bu məsələ ilə əlaqədar Əli Kərimliyə “yox” cavabı verib.

Milli Şuranın 19 oktyabr 2019-cu ildə paytaxtın mərkəzində keçirdiyi icazəsiz mitinqdə qanunsuz saxlandığını, aparılarkən xüsusi zirehli avtobusda və sonradan polis idarəsində işgəncəyə məruz qaldığını deyən Əli Kərimli günahkarların cəzalandırılması üçün prokurorluğa müraciət edib. Ancaq  Bakı şəhər Prokurorluğu polislərin əməllərində cinayət tərkibi olmadığı qənaətinə gələrək, cinayət işi başlanmasının rədd olunması haqda qərar çıxarıb. AXCP sədri sözügedən qərarın ləğvindən ötrü məhkəməyə müraciət edib. Ərizədə, həmçinin Avropa Konvensiyasının 3 (işgəncəyə, pis rəftara məruz qalmamaq hüququ), 5 (azadlıq və toxunulmazlıq hüququ), 11 (toplaşma azadlığı) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələrinin ona münasibətdə pozuntusunun tanınmasını istəyib.

Qərar hələ yazılı təqdim olunmayıb

Səbail rayon Məhkəməsi Əli Kərimlinin şikayətini icraata götürməkdən imtina edib. Həmin qərardan 2020-ci ilin yayında verilmiş apellyasiya şikayətinə dekabrın 30-da baxılıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov da AXCP sədrinin şikayətini araşdırmamaq haqda birinci instansiya məhkəməsinin qərarını haqlı sayıb.

“Bu cür işlərdə şikayət üçün apellyasiya məhkəməsi sonuncu instansiya sayılır. Yəni, Ali Məhkəməyə kassasiya şikayəti vermək nəzərdə tutulmayıb. Apellyasiya məhkəməsi qərarı şifahi şəkildə elan etsə də, yazılı verməyib. Qərarı alandan sonra Əli Kərimlinin qanunsuz saxlanması, ona qarşı işgəncə ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək”, – AXCP-dən bildirilib.

Əli Kərimli Milli Şuranın 2019-cu il oktyabrın 19-da günorta saat 15:00 radələrində metronun “28 May” stansiyasının yaxınlığında keçirdiyi icazəsiz mitinq zamanı saxlanılıb. Həmin gün axşam saat 23:30 radələrində buraxıldığını deyən Əli Kərimli işgəncəyə məruz qaldığını, vəziyyəti pisləşdiyinə görə Daxili İşlər Nazirliyinin hospitalına çatdırıldığını və orada baş nahiyəsinə 7 tikiş qoyulduğunu bildirib.

Baş Prokurorluğun bununla bağlı rəsmi açıqlamasında isə iddia olunub ki, Əli Kərimli polislərin qanuni tələblərinə tabe olmayıb, onların ünvanına təhqirlər səsləndirib və özü başını avtobusa çırpıb: “Polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provokasiyaya cəhd edərək başını avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub, nəticədə alın nahiyəsindən xəsarət alıb”.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az