Bu il rekord sayda jurnalist həbs olunub

tərəfindən Gozetci

Həbsdə olan jurnalist sayı ciddi şəkildə artan ölkələr sırasında Belarus da var

2020-ci ildə rekord sayda jurnalist dəmir barmaqlıqlar arxasına göndərilib. Bu, hökumətlərin pandemiyanın işıqlandırılmasını, vətəndaş itaətsizliyini boğmağa çalışdığı dönəmdə baş verib. Dekabrın 15-də Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (JMK) bu haqda hesabat yayıb.

Dekabrın 1-dək azı 274 jurnalistin həbsxanada cəza çəkdiyi bildirilir. Ötən il bu rəqəm azı 250 nəfər idi.

Bu, JMK 1990-cı illərin əvvəllərində informasiya toplamağa başlayandan ən yüksək rəqəm sayılır.

Hesabatda deyilir ki, avtoritar liderlər jurnalistləri həbs etdirməklə koronavirus pandemiyasının işıqlandırılmasını nəzarətdə saxlamağa çalışıblar. Azı iki jurnalistin isə COVID-19-a yoluxandan sonra həbsdə öldüyü bildirilir.

“Qlobal pandemiya ilə bir arada rekord sayda jurnalistin həbs olunduğunu görmək sarsıdıcı və qorxuducudur”, – JMK-nın Baş direktoru Coel Saymon bəyanatında deyib.

Çin, Türkiyə, Misir

Həbsdə olan jurnalist sayı ciddi şəkildə artan ölkələr sırasında Belarus da var. Bu ölkədə Alyaksandr Lukaşenka 9 avqust seçkisinin qalibi elan olunandan sonra ölkəni kütləvi etirazlar bürüyüb.

Çində, Türkiyədə, Misirdə və Səudiyyə Ərəbistanında həbs olunan jurnalist sayının artdığı bildirilir.

Artıq ikinci ildir Çin ən çox jurnalistin həbs olunduğu ölkə adını qazanır, 47 jurnalistin barmaqlıqlar arxasında olduğu bildirilir. Ötən həftə “Bloomberg” agentliyinin əməkdaşı dövlət təhlükəsizliyinə təhdid yaratmaq şübhəsilə saxlanıb.

Hesabatda bu il 26 jurnalistin qətlə yetirildiyi də bildirilir. Meksika mətbuat üçün ən təhlükəli ölkə adlandırılıb.

Həbsdə olan jurnalistlərin üçdə ikisi terrorçuluq, yaxud qadağan olunmuş qruplara üzvlük kimi dövlət əleyhinə ittihamlarda suçlanır. Həbslərin 20 faizi yaxınında heç bir ittiham açıqlanmayıb.

Tramp irsi

ABŞ Prezidenti Donald Trampın mediaya hücumları xüsusilə vurğulanır. Hesabatda deyilir ki, bu münasibət avtoritar liderlərin öz ölkələrində jurnalistlərə təzyiqi artırması üçün bəhanə verib.

“Dünyada rekord sayda jurnalistin həbs olunması Prezident Trampın mətbuat azadlığı irsidir”, – Saymon deyib.

Birləşmiş Ştatlarda bu il 110 jurnalist ya həbs olunub, ya da ittiham irəli sürülüb. Onların çoxu polis zorakılığına qarşı nümayişləri işıqlandırırdı.

Ümumilikdə bu il, “saxta xəbər”lə əlaqədar 34 jurnalist həbs olunub, ötən il onların sayı 31 idi.

Hesabatda Azərbaycanda 4 jurnalistin həbsdə olduğu bildirilir. Onlar Əfqan Sadıqov, Elçin İsmayıllı, İkram Rəhimov və Polad Aslanovdur. Hakimiyyət təmsilçiləri ölkədə heç kəsin jurnalist fəaliyyətinə görə təzyiqə məruz qalmadığını, yalnız konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az