Qarabağ yürüşünə görə həbsdə olan digər cəbhəçilər də ev dustaqlığına buraxıla bilər

tərəfindən Gozetci

Prokurorluq məhkəməyə vəsatət təqdim edib

Bu ilin iyulunda Tovuz istiqamətində döyüşlərdən sonra Bakıda keçirilmiş Qarabağa azadlıq və Milli Orduya dəstək yürüşündən sonra həbs olunan AXCP fəallarından daha biri azadlığa buraxıla bilər. Prokurorluq AXCP Təşkilat Şöbəsinin funksioneri Ramid Nağıyevin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət təqdim edib. Bu barədə Meydan TV-yə R.Nağıyevin vəkili Aqil Layıc məlumat verib.

Vəkil bildirib ki, prokurorluğun vəsatətinə dekabrın 7-də baxılacaq. A.Layıc ümid edir ki, Səbail Rayon Məhkəməsi vəsatəti təmin edəcək və R.Nağıyev həbsdən buraxılacaq.

Meydan TV-nin əldə etdiyi məlumata görə, prokurorluq təkcə R.Nağıyev yox, sözügedən yürüşlə əlaqədar həbsdə olan daha bir neçə nəfərin də ev dustaqlığına buraxılmasını istəyib. Onların da işinə dekabrın 7-də baxılacaq.

Ramid Nağıyevin atası, 59 yaşlı Zəkrulla Nağıyev dekabrın 2-dən siyasi məhbus hesab olunan şəxslərin, o cümlədən oğlunun azadlığa buraxılması tələbilə aclıq aksiyası keçirir. Z.Nağlyev Meydan TV-yə bildirib ki, peşəkar hərbçi olan oğlu heç bir təqsiri olmadan, yalnız siyasi baxışlarına – AXCP üzvü olduğuna görə cəzalandırılıb:

“Mən elə adamam ki, övladım cinayət törətmiş olsaydı, cəzalanmasını özüm tələb edərdim. Amma mənim oğlum da başqa siyasi məhbuslar kimi nahaqdan həbs olunub. Ramid 2 il yarım Naxçıvanda erməni ilə 25 metrlik üzbəüz səngərdə olub. Ölkəsinə bu gündə fayda verəcək peşəkar hərbçini nahaqdan zindanda saxlamaq ikiqat ədalətsizlikdir”.

İyulun 14-dən 15-nə keçən gecə yürüşdə baş verənlərlə əlaqədar başlanmış cinayət işi üzrə ümumilikdə 36 nəfər həbs olunub ki, onların da 15-i AXCP üzvləridir. Noyabrın 16-da onlardan 21 nəfəri, o cümlədən 12 cəbhəçi ev dustaqlığına buraxılıb. Digərlərinin də barəsində eyni addımın atılacağı barədə məlumat yayılsa da, gerçəkləşmədi.

Bu iş üzrə həbs olunanlar arasında AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Qarabağ əlili Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli, Məmməd İbrahim və digərləri vardı. Onlar da ev dustaqlığına buraxılıb.

Təqsirləndirilən şəxslərə qarşı özgə əmlakını zədələmə və ya məhv etmə, hakimiyyət nümayəndəsinə (polisə) müqavimətn göstərmə, qəsdən sağlamlığa az ağır zərər vurma kimi ittihamlar irəli sürülüb.

Həbs olunan cəbhəçilər özlərini təqsirli bilmir, onların bir çoxu ümumiyyətlə, o yürüşdə iştirak etmədiklərini deyir.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az