İnsan haqları komissarı: Yaşayış məntəqələrinə edilən hücumlar müharibə cinayətidir

tərəfindən Gozetci

Mişel Baçelet tərəfləri humanitar atəşkəsə riayət etməyə çağırıb

Noyabrın 2-də BMT-nin insan haqları komissarı Mişel Baçelet Dağlıq Qarabağ münaqişəsi zonasına və onun kənarındakı yaşayış məntəqələrinə atılan mərmi hücumlarından narahat olduğunu bildirib.

O, baş verənlərin müharibə cinayətləri kimi qəbul edildiyini deyib:

“Yaxın zamanlarda hər iki tərəfin müqavilə imzalamasına baxmayaraq, beynəlxalq humanitar hüquqa zidd olaraq sərhəd bölgəsində və onun ətrafındakı yaşayış məntəqələrində davam edən, heç bir fərq qoyulmadan edilən hücumlardan narahatıq”.

“İndi dəhşətli nəticələrini gördüyümüz münaqişə sentyabrda yenidən alovlandıqdan sonra mülki şəxslərin ölümünün qarşısını almaq, məktəblər və xəstəxanalar da daxil olmaqla mülkilərin yaşadığı infrustruktura vurulan zərəri minimuma endirmək, mülki şəxsləri döyüşçülərdən və mülki obyektləri hərbi obyektlərdən ayırmaq məqsədilə tərəflərin mümkün olan bütün addımların atması üçün dəfələrlə, hətta mənim tərəfimdən çağırışlar edildi”,- deyə o əlavə edib.

“Beynəlxalq humanitar hüquq bundan açıq ola bilməzdi. Fərqləndirmə prinsipi və ya mütənasiblik prinsipi pozulmaqla həyata keçirilən hücumlar müharibə cinayətlərinə bərabər hesab oluna bilər və münaqişə tərəfləri bu pozuntuları effektiv şəkildə, dərhal, hərtərəfli və qərəzsiz araşdırmalı və onları törədənləri məsuliyyətə cəlb etməlidirlər”.

Raket zərbələri haqqında

Dağlıq Qarabağ münaqişəsi otuz ildən çoxdur ki davam edir. Sovet İttifaqının dağılması zamanı tərəflər arasında baş verən müharibədən sonra bölgə etnik erməni qüvvələrinin nəzarəti altındadır.

BMT-nin insan hüquqları komissarı qeyd edib ki, Ermənistan və Azərbaycan arasında mülki şəxslərə qarşı edilən hücumlardan çəkinməyə çağıran müqavilənin olmasına baxmayaraq, keçən həftəsonu əhalinin yaşadığı ərazilərə artilleriya zərbələri endirilib.

Azərbaycan hökuməti sentyabrdan davam edən hərbi əməliyyatlar nəticəsində, Azərbaycanın nəzarətindəki bölgələrdə ən azı 91 mülki şəxsin öldüyünü, Ermənistan hökuməti isə Dağlıq Qarabağ münaqişəsi zonasında 45 nəfərin öldüyünü, iki nəfərin isə Ermənistan sərhədləri daxilində öldüyünü bildirib. Baçeletin rəhbərlik etdiyi BMT İnsan Hüquqları Bürosu (OHCHR) bu rəqəmləri müstəqil şəkildə təsdiqləyə bilməyib.

Kasetli bombalar əleyhinə

BMT-nin insan hüquqları rəhbəri, həmçinin qeyd edib ki, ən böyük insan itkisi 28 oktyabrda baş verib. Bu zaman aktiv döyüş əməliyyatları bölgəsindən təxminən 30 km uzaqlıqda olan Bərdə şəhərində 21 nəfərin öldüyü və 70 nəfərin yaralandığı bildirilir.

Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan atdığı raketlərdə çoxlu kasetli sursatların olduğu qeyd edilir.

“Hər iki tərəfin kasetli bombalardan istifadə etməsi barədə dərin narahatlıq doğuran xəbərlərin fonunda, bir daha Ermənistanı və Azərbaycanı bu silahlardan istifadəni dayandırmağa və bu silahların istifadəsini tamamilə qadağan edən Kasetli sursat Konvensiyasını təsdiqləyən 100-dən çox dövlətə qoşulmağa çağırıram”,- deyə Ali Komissar bildirib.

Münaqişə həm də kütləvi köçə səbəb olub. Baçelet tərəfləri BMT qrupları da daxil olmaqla təsir altında olan ərazilərdə “insan hüquqları və humanitar keçid məsələsini siyasiləşdirməməyə” çağırıb.

Videoyazılar barədə narahatlıq

İnsan haqları müdafiəçisi müharibə cinayətlərinin törədildiyini göstərən videoyazılardan da ciddi narahat olduğunu dilə gətirib.

Baçelet sosial mediada saxta şəkillərin yayıldığını söyləyib.

“Media qurumları tərəfindən aparılan ətraflı araşdırmalarda Azərbaycan qoşunlarının əsir götürdükləri iki ermənini necə hərbi hissədə qətl etdiyini göstərən videolar, vadaredici və dərin narahatlıq verən məlumatlar aşkar olunub”, insan haqları komissarı qeyd edib.

“Qoruma altında olan şəxslərin öldürülməsi müharibə dövründə humanitar rəftar standartlarını müəyyən edən beynəlxalq Cenevrə Konvensiyasının ciddi pozuntusudur”.

Baçelet izah edib ki, belə bir hadisə müharibə cinayəti təşkil etsə də, yalnız səlahiyyətli məhkəmə bununla bağlı qərar verə bilər.

COVID-19 qorxuları

BMT İnsan hüquqları komissarı COVID-19 pandemiyasının artması fonunda gedən döyüşlərin xalqın sağlamlığı üçün birbaşa təhdid olduğunu vurğulayıb və “döyüşlər BMT Baş katibinin pandemiya fonunda qlobal atəşkəs çağırışına da tamamilə ziddir”, – deyib. Xanım Baçelet, fərqləndirmə, mütənasiblik və tədbir prinsiplərinə hörmət edərək və yaşayış məntəqələrində partlayıcı silahların istifadəsindən çəkinərək, bütün tərəfləri mülki şəxsləri və mülki infrastrukturu qorumağa çağırdığını təkrarlayıb. “İnsan itkisi davam edərkən və mülki şəxslərin əzabları dərinləşdiyi bir vaxtda, hərbi əməliyyatların dərhal dayandırılması üçün çağırışımı təkrar edirəm. Bütün tərəfləri humanitar atəşkəsə riayət etməyə və bölgədə bu qədər dağıntıya səbəb olan bu münaqişə üçün sülh və davamlı həll yolu tapmağa dair danışıqlara başlamağa çağırıram”,- deyə o əlavə edib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az