Hərbi əsirlərin taleyi naməlum olaraq qalır

tərəfindən Gozetci

Oktyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya XİN Başçılarının imzaladığı atəşkəs bəyanatının 1-ci bəndinə əsasən, tərəflər Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həlak olanların cəsədlərini və əsirləri dəyişdirməli idilər.

Amma bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, bu proses hələ də başlamayıb. Həlak olanların cəsədlərini yığmağa və daha sonra Ermənistan tərəfə verməyə cəhd edən bir qrup Azərbaycan hərbiçisi atəşə məruz qalıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu, oktyabrın 11-də, Moskva sənədinin imzalanmasından bir gündən də az bir vaxt sonra baş verib.

Hər iki tərəf hərbi əsirləri olduğunu etiraf edir, amma onların dəqiq sayını açıqlamır.

Bu arada, Ermənistan tərəf iki əsir – Areq Sarkisyan və Narek Amircanyan haqqında məlumat verib. Ermənistan tərəf onlarla bağlı Avropa Məhkəməsinə müraciət edib.

Eyni zamanda, Ermənistanın İnfoteka24 saytı iki Azərbaycan hərbi əsiri haqqında məlumat və onların videogörüntülərini yayıb. Əsirlərdən biri yaralıdır, əməliyyat olunub və xəstəxanadadır. Görüntülərdə onun qandalla yatağa bağlandığı görünür. Ermənilər onun adını açıqlamır. Azərbaycan tərəfi hələlik ölkədə erməni əsirlərin, habelə Ermənistan tərəfdə öz hərbi əsirlərinin olması ilə bağlı şərh vermir.

Helsinki Vətəndaş Assambleyasının rəhbəri Arzu Abdullayeva hesab edir ki, hərbi əsirlərin əks olunduğu foto və videogörüntülər yoxlanılmalıdır. “İnformasiya müharibəsi zamanı feyklərdən fəal şəkildə istifadə olunur və biz bu foto və videogörüntülərin nə dərəcədə doğru olduğunu bilmirik”, deyə o qeyd edib.

Abdullayeva hesab edir ki, Əsirlərin və girovların işləri üzrə Dövlət Komissiyası öz kanalları ilə, varsa, erməni tərəfdəki Azərbaycanlı əsirlərin taleyini aydınlaşdırmalıdır. Bundan başqa, hər iki ölkənin vətəndaş cəmiyyəti fəalları bu humanitar problemin həllinin axtarışı üçün bir-biri ilə əlaqə qurmalıdır.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az