Tofiq Yaqublu haqda hökmü ala bilmirlər

tərəfindən Gozetci

[:az]Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökm sentyabrın 3-də çıxarılsa da, hələ onun özünə və müdafiəçilərinə təqdim olunmayıb. Bu barədə AzadlıqRadiosuna onun vəkili Aqil Layıc məlumat verib.

Qanuna görə, hökmdən 20 gün ərzində apellyasiya şikayəti verilə bilər. Lakin T.Yaqublunun vəkili deyir ki, onun altı gündür aclıq etməsini, artıq səhhətində problemlər yaranmasını nəzərə alaraq, vaxt itirmək istəmir.

“Gözləmək vaxt itirməkdir”

Vəkilin sözlərinə görə, sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev iki dəqiqə ərzində hökmün yalnız nəticə hissəsini (4 il 3 aylıq cəza, telefon və avtomobilin qaytarılması, vintaçanın məhv edilməsi) elan etdi. Ona görə məhkəmənin ittiham hökmü çıxarmasını necə əsaslandırdığı məlum deyil. A.Layıc bildirib ki, hələ məhkəmə iclas protokollarıyla da tanış olmayıblar, məhkəmədəki ifadələrin orada əksini tapıb-tapmadığını bilmirlər.

“Ailəsinin istəyi də belə oldu ki, vaxt itirmədən apellyasiya şikayəti verək. Hökmü alandan, protokollarla tanışlıqdan sonrakı iradlarımızı şikayətə əlavə formasında da göndərə bilərik. Tofiq Yaqublunun durumu elədir ki, gözləmək vaxt itirməkdir. Ona görə təcili veririk ki, qısa müddətdə baxılsın”, – A.Layıc belə deyib.

Vəkil apellyasiya şikayətini bu gün – sentyabrın 7-də məhkəməyə təqdim edəcək. Müdafiəçi bu gün həm də Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasında T.Yaqublu ilə görüşməyi planlaşdırır.

“Hər gün onun səsini eşitməsək…”

T.Yaqublunun qızı Nigar Həzi AzadlıqRadiosuna bildirib ki, atasının həbsi siyasi sifariş olduğuna görə onun azadlığa buraxılması üçün də siyasi qərar olmalıdır. Onun sözlərinə görə, T.Yaqublunun azadlığa buraxılmasına qərar verilərsə, bunu apellyasiya məhkəməsi vasitəsilə gerçəkləşdirmək olar. Yəni, apellyasiya şikayətinə qısa müddətdə baxıb, T.Yaqublunu həbsdən buraxmaq mümkündür:

“Bu gün apellyasiya şikayəti verilir. Bu, onu azadlığa buraxmaq üçün bir fürsətdir. Tofiq Yaqublu artıq altı gündür ki, acdır. Ölümə hər gün bir az daha yaxınlaşır. Olacaqlara görə də İlham Əliyev məsuliyyət daşıyır. Bu, Elmar Hüseynov (2005-ci ildə evinin kandarında qətlə yetirilmiş jurnalistin qatilləri hələ də tapılmayıb – red.) məsələsi deyil ki, “qatili tapa bilmirik” desinlər. Tofiq Yaqublunun həbsinin sifarişini İlham Əliyev verib. Bu həbsin sonu Tofiq Yaqublunun ölümü ilə nəticələnəcəyi təqdirdə onun qatili də İlham Əliyev olacaq”.

N.Həzi atası ilə sonuncu dəfə sentyabrın 5-də telefonla danışıb. O zaman aksiyanın dördüncü günü idi və dediyinə görə, aclığın təsiri artıq T.Yaqublunun durumunda özünü göstərməyə başlamışdı.

Həbsdə saxlanılan şəxslərin həftədə iki dəfə ailəsilə telefonla danışmaq hüququ var. T.Yaqublu həftənin çərşənbə və şənbə günləri ailəsilə əlaqə saxlaya bilir. N.Həzi Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət edərək T.Yaqublunun aclıq etməsi ilə əlaqədar ailəsinin narahatlığının nəzərə alınmasını, atasına hər gün yaxınlarıyla telefonla danışmağa şərait yaradılmasını istəyib: “Hər keçən dəqiqə onun həyatına təhlükədir. Ailəsi olaraq, biz onun səhhətinə və həyatına görə narahatıq. Danışmadığımız hər gün onun səhhətinin hansı durumda olduğundan xəbərsiz qalacağıq. Hər gün onun səsini eşitməsək, ona nəsə olduğunu zənn edəcəyik”.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az