Emin Saqiyev 19 gündür aclıg edir, `tələbləri dinlənilmir`

tərəfindən Gozetci

[:az]Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Emin Saqiyev saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində 19-cü gündür aclıq edir.

Bu barədə, Emin Saqiyevin ailəsindən Amerikanın Səsinə bildiriblər.

“Sentyabrın 4-də telefonla əlaqəmiz oldu. Artıq xırıltı ilə danışır, səhhətində çox ciddi problemlər var. Ürək və böyrək ağrıları şiddətlənib. Müəssisənin tibbi-sanitar hissəsində saxlanılır, həkim nəzarətindədir. Həkimlərin təkidlərinə baxmayaraq, nə aclığı dayandırır, nə də tiddi yardıma icazə vermir. 19 gün aclıq etməsinə baxmayaraq, rəsmi qurumlardan heç kim onun tələbini dinləməyib. Ali Məhkəmənin qərarı olmasına baxmayaraq, vəkili müvafiq qurumlara müraciət edəcək,” Saqiyevin həyat yoldaşı Aygün Saqiyeva Amerikanın Səsinə bildirib.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib ki, Saqiyev aclıq aksiyasına avqustun 18-də onun kassasiya şikayəti ilə bağlı Ali Məhkəmənin iclasından sonra başlayıb. O, Ali Məhkəmənin qərarına etiraz edir.

“Ali Məhkəmənin qərarından Ali Məhkəmənin Plenumuna və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcək,” Bayramov qeyd edib.

Öz növbəsində Ombudsman Aparatından Amerikanın Səsinə bildiriblər ki, sentyabrın 1-də Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri 6 saylı Cəzaçəkmə Müəssisəsində Emin Saqiyevi qəbul edib.

“Saqiyevin müraciətləri dinlənilib, müvafiq hüquqi məsləhətlər verilib. Ombusmanın səlahiyyətləri çərçivəsində lazımi köməkliklər göstəriləcəyi onun diqqətinə çatdırılıb,” Ombudsman Aparatından Amerikanın Səsinə bildiriblər.

Ombudsman Aparatının məlumatına görə, Saqiyev qidadan imtina edərək, tələbi yerinə yetirilənədək aclıq aksiyasını davam etdirəcəyini bildirib. O, qanunvericiliyə uyğun olaraq cəzaçəkmə müəssisəsinin tibbi-sanitar hissəsinə yerləşdirilib, həkim nəzarətindədir.

Emin Saqiyev 2017-ci il noyabrın 17-də saxlanılıb. 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

O, Xalq Cəbhəsi Partiyasının fəalı, jurnalist, Avropadan yayımlanan müxalif “Turan TV” telekanalının aparıcısı olmuş Türkel Azərtürkün bacanağıdır.

Yerli hüquq müdafiəçiləri əmindirlər ki, onu siyasi mühacir Türkel Azərtürkün jurnalist fəaliyyətinə görə cəzalandırıblar. Azərtürk son bir neçə ildir ki, Avropada yaşayır. O, Azərbaycan hakimiyyətini kəskin tənqid edən “Azərbaycan saatı” İnternet resursunun əməkdaşı olub. Türkel Azərtürkün özü də bu ilin fevralında bildirib ki, o və ailəsi həyatlarına təhlükənin mövcudluğu ilə bağlı Niderland polisi tərəfindən xəbərdar edilib. Bu ilin martında Türkel Azərtürk AXCP-dən, o cümlədən AND təşkilatından, internet resurslarında fəaliyyətdən istefa verdiyini bildirib.

Penitensiar Xidmətdən Saqiyevin səhhəti və saxlanma şəraiti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az