AXCP funksionerinin oğluna qarşı cinayət işi qaldırılıb

tərəfindən Gozetci

[:az]“İyulun 14-də Bakıda orduya dəstək aksiyasında iştirak edən oğlum Mehdi İbrahimli iyulun 15-i səhər saatlarında saxlanıb. Xətai rayonundakı 37 saylı polis bölməsinə gətirilib və iyulun 20-nə kimi həmin bölmədə olub”.

Bunu AzadlıqRadiosuna M.İbrahimlinin atası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim bildirib.

Məmməd İbrahim deyib ki, Mehdi İbrahiminin vəkili Bəxtiyar Hacıyev ancaq iyulun 20-də onunla və müstəntiqlə görüşüb.

Atasının deməsinə görə, vəkil qeyd edib ki, Mehdi İbrahimliyə qarşı Cinayət Məcəlləsinin 139-1.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması – xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi irəli sürülüb. Həmin maddə üzrə şəxs 2 min 500 manatdan 5 min manatadək cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər:

“Vəkilə deyiblər ki, Mehdi nə vaxtsa COVID-19 (koronavirus) infeksiyasına yoluxub, evdə məcburi müalicəyə cəlb edilib. Hansı ki, belə hadisə olmayıb. Guya Mehdi qaydanı pozub, şəhərə çıxaraq xəstəlik yayıb. Belə hal olmayıb. Çünki Mehdi şəhərə çıxanda 8103-ə SMS göndərib çıxırdı. Halbuki, ev şəraitində məcburi müalicəyə cəlb edilənlər bloklanır və onlara SMS icazəsi verilmir. Mehdi isə hər gün şəhərə çıxırdı. Ona ev şəraitində müalicə təyin olunmayıb. Sağlam idi. Əgər xəstə idisə və müalicəyə cəlb olunmuşsa, xanımı, körpəsi ilə bir evdə qalırıq, niyə həkim gəlməyib? Nə zamandan Mehdi məcburi müalicəyə cəlb edilib?”.

Məmməd İbrahim deyib ki, oğlu absurd, gülünc, uydurma bir ittihamla üzləşib. Onun sözlərinə görə, bu gün, iyulun 22-də ona oğlunun artıq qızdırmasının olması barədə məlumat gəlib: “Altı gün 37 saylı Xətai polis bölməsində saxlananda hər gün görə bildim. İndi Xətai Rayon Polis İdarəsində saxlanılır, görüşə bilmirik”.

Məmməd İbrahim hesab edir ki, oğlu yürüşdə iştirak edəndə və sonra da ictimai qaydanı pozmayıb, amma ona absurd ittiham irəli sürüblər:

“Əgər onun bir günahı yox idisə, altı gün niyə saxlayırdınız?”

“Əgər onun bir günahı yox idisə, altı gün niyə saxlayırdınız? İndi niyə 48 saat saxlanma qərarı çıxarırsınız? Oğlumu mənə görə saxlayıblar”.

Məmməd İbrahimin dediklərinə, hələlik, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Səhiyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Mehdi İbrahim kimdir?

İdman Akademiyasını bitirib. Futbol məşqçisidir. Dörd yaşında bir qızı var. İspaniyada Madridin “Real” klubunda kurs keçib, UEFA-a ona lisenziya verib…[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az