[:az]Səhifə admininin ailəsi polis təzyiqi ilə üzləşdiyini deyir[:]

tərəfindən Gozetci

[:az]Sosial şəbəkələrdəki “Korrupsiyaya “yox” de” səhifələrinin idarəedicisi (admin) Elmir Şirəliyev onun tənqidçi fəaliyyətinə görə qohumlarının təzyiqlərə məruz qaldığını deyir. E.Şirəliyevin sözlərinə görə, iyulun 14-də bacısı Aynurə Abuzərova Hacıqabul Rayon Polis Şöbəsinə çağrılaraq, orada təhdid olunub: “Açıq şəkildə ona deyilib ki, mənim tənqidçi fəaliyyətimə – İlham Əliyev hökuməti barədə tənqidi, korrupsiyanı ifşa edən materiallar yaymağıma görədir. Mən bu fəaliyyətimə son qoymalıyam. Əks halda, mənə əlləri çatmadığına görə bacımgili sərt cəzalandıracaqlar”.

Almaniyada yaşayan və “Korrupsiyaya “yox” de” səhifəsini də oradan idarə edən E.Şirəliyev bildirib ki, bu, onun qohumlarına qarşı ilk təzyiq halı deyil. Bundan əvvəl də bacısının həyat yoldaşı, bacanağı, qayını işdən çıxarılıb və ya həbs edilib.

“Azərbaycan hakimiyyətinin siyasi rəqiblərinə, tənqidçilərə qarşı necə davrandığını hər kəs yaxşı bilir. Bundan əvvəl 2018-ci ilin fevralında bacım Aynurənin həyat yoldaşı Abdulla Abuzərova 30 sutka, martda da bacanağım Bağış İsmayılova 15 sutka həbs cəzası verdilər. Hər ikisinə İnzibati Xətalar Məcələsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə ittiham verilmişdi, guya polisə müqavimət göstəriblər. Azərbaycanda yüzlərlə ictimai-siyasi fəalı, yaxud onların yaxınlarını bu maddə ilə həbs ediblər. 2019-cu ilin yanvarında qaynım Ruslan Ədilov da eyni maddə ilə 15 sutkalıq həbs edilmişdi. Qaynım və bacanağım Müdafiə Nazirliyindən işdən çıxarıldı. Bu cür təzyiqlərin nəticəsi olaraq, qayınanam infarkt keçirib vəfat etdi. Bunun adı repressiyadır, məqsəd də susdurmaqdır”, – deyə E.Şirəliyev bildirib.

E.Şirəliyevin yaxınları Meydan TV-yə deyilənləri təsdiqləyib. Deyiblər ki, bacısı E.Şirəliyevə görə on gün öncə polis şöbəsinə çağırılıb:

“Bacısının iki ildən çoxdur qardaşıyla heç bir əlaqəsi yoxdur. Özü də deyib ki, mənim o adda qardaşım yoxdur. Çünki ona görə yoldaşını həbs eləmişdilər, ailəsində söz-söhbət yaranmışdı. O qədər stress keçirmişdi ki, hələ də dərman atır. Keçən həftə də yenə şöbəyə çağırmışdılar. Yoldaşına demişdilər ki, Aynurəni də gətirsin. Dedilər ki, Elmirlə əlaqələri yoxdur. 2018-ci ildən bu yana danışmırlar. Polisdə deyiblər ki, onu susdurmasanız, biz də sizdən kimisə həbs eləyəcəyik. Bacısı da orada izah edib ki, ona görə ailəsində söz-söhbət olduğundan danışmırlar”.

A.Abuzərova və həyat yoldaşının Hacıqabul rayon Polis Şöbəsinə çağrılıb hədələnməsinə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az