[:az]Mədəndə çalışanlardan analiz götürüldüyü bildirilir
Martın 25-də koronavirusdan öldüyü deyilən şəxsin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Hacı Zeynalabdin Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) işçisi olduğu bildirilir. Bu barədə Meydan TV-yə NQÇİ-nin işçiləri məlumat veriblər. Onların sözlərinə görə, 58 yaşlı mərhum ağciyər xəstəliyindən və şəkərli diabetdən əziyyət çəkirmiş.
“Mədəndə çalışırdı. Halı pisləşdi, xəstəxanaya aparıldı, orada da vəfat edib. Buna görə mədəndə onunla işləyənlər və ailə üzvləri, yaxınları karantinə alınıb, hər kəsdən analiz götürülüb”, – adının açıqlanmasını istəməyən NQÇİ əməkdaşı deyib.
Meydan TV məlumatı həmin idarədə çalışan başqa bir mənbə ilə də dəqiqləşdirməyə çalışıb. Şəxsin adı, təvəllüdü, yaşadığı ərazi haqqında məlumat əldə edə bilib. İş yoldaşları deyiblər ki, mərhumun cənazəsi ailəsinə verilməyib, xüsusi nəzarət altında dəfn edilib.
“Bizə deyildi ki, ailəsinə baş çəkmək lazım deyil. Evləri polis nəzarətindədir, ailə üzvləri karantinə alınıb”, – deyə mənbə bildirib.
Mənbə onu da vurğulayıb ki, neft çıxarılan idarələr fasiləsiz istehsalata aid olduğundan iş dayandırılmayıb, ancaq rejim dəyişdirilib:
“Hazırda bayram günləri olduğunda idarədə çalışanlar tətildədir. Mədənlərdə isə işçi sayı minimuma endirilib, əsasən rəhbərlik və mühəndislər çalışırlar”.
Meydan TV SOCAR-dan məsələyə münasibət öyrənə bilməyib.
İndiyədək Azərbaycanda ümumilikdə 93 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan ikisi ölüb, on nəfər sağalaraq evə buraxılıb. Hazırda 81 nəfər xüsusi rejimli müəssisələrdə müalicə olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Meydan TV[:]