[:az]Fəal polisdə təzyiqə məruz qaldığını bildirir[:]

tərəfindən Gozetci

[:az]Həqiqət Sosialist Hərəkatın üzvü Ənvər Cəlilov dünən, yanvarın 31-də cərimə olunaraq polis bölməsindən sərbəst buraxıldığını deyir. O, yanvarın 30-da divara poster yapışdırandan sonra saxlandığını söyləyir.

Ə. Cəlilovun “ Turan” agentliyinə bildirməsinə görə, onu Bakının Xətai rayonun ərazisində fevralın 9-da keçiriləcək Milli Məclisə seçkiləri boykot etməsi ilə bağlı poster yapışdıran zaman Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) işçiləri saxlayıb: “Divara boykot posteri yapışdıranda mənə mülki geyimdə bir neçə nəfər yaxınlaşdı, fikirləşdim ki, polisdirlər və qaçmağa başladım. Məni 7-8 nəfər tutdu. Məlum oldu ki, bunlar polis əməkdaşları yox, MKİS işçiləridir. Məni MKİS-ə aparıb polisə zəng vurdular. Bir müddət sonra polislər gəlib məni Xətai Rayon 36-cı Polis Bölməsinə apardılar”.

Fəalın iddiasına görə, o polis bölməsində mənəvi və fiziki təzyiqlərə məruz qalıb: “Bölməyə gətiriləndə ordakılar saxlanmanın səbəbini soruşdular, izah etdim. Normal danışdıq. Lakin 10-15 dəqiqədən sonra başladılar söyməyə, şillələməyə, hər cür ağır ifadələrdən istifadə edirdilər. Başqa yerə yox, ancaq sifətimə vururdular, ağzımı qanatdılar. Bu proses iki saata yaxın çəkdi. Döyüb başlayırdılar söhbət etməyə. Xoşlarına gəlməyən söz eşidən kimi yenə döyməyə başlayırdılar. Sonra məni rəisin yanına apardılar. Əvvəl normal danışsa da, sonra başladı təhqir etməyə. Oradan rəis müavinin yanına apardılar. O məndən normal şəkildə posterlərin hansı məqsədlə yapışdırdığım, seçkiləri niyə boykot etməyim haqqında soruşdu. Hamı gedəndən sonra, məni nəzarət otağına saldılar. Səhərə qədər orada qaldım. Səhər saat 9-da məni Xətai Rayon Polis İdarəsinə apardılar. Orada bəzi polislər digərlərinə deyirdi ki, “aparın onu aşağı, həyatı başa salın”, amma mənə dəymədilər və yarım saat qalandan sonra Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıldım. Orada əvvəl bir neçə nəfərin yanına aparıldım, onlar mənimlə normal danışsa da, sonra yanına aparıldığım polislər məni təhqir, dubinka ilə təhdid etdilər. Məndən hərəkətimin məqsədini soruşurdular, “arxanda kim var”, “pul kimdən alırsınız” suallarını verdilər. Axşam saat 6-ya qədər BŞBPİ-də saxlanandan sonra, məni yenidən 36-cı Polis Bölməsinə qaytardılar, orada İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) protokol tərtib etdilər, 50 manat məbləğində cərimələdilər, sonra isə buraxdılar”.

Ə. Cəlilov vurğulayıb ki, polis bölməsində ona yaxınları ilə əlaqə saxlamağa icazə verilməyib və yoldaşlarının göndərdikləri sovqatı çatdırmayıblar. O, amma bununla bağlı şikayət verməcəyini bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə “Turan” agentliyinə bildirib ki, Ənvər Cəlilovun sözləri həqiqətə uyğun deyil.Fəalın polisdə olduğu təsdiqlənib, amma ona təzyiq edilmədiyi bildirilib. “İnsanlar öz siyasi çəkisini artırmaq üçün bu yalan, böhtan xarakterli, polisin onlara təzyiq etməsi ilə bağlı uydurmalar edirlər. Bu da, növbəti uydurmadır. Heç bir halda polis bölməsində, idarəsində heç bir vətəndaşın təzyiqə məruz qalmasından söhbət gedə bilməz. Cəlilovun dedikləri cəfəngiyatdır və həqiqətə uyğun deyil”, deyə E. Hacıyev vurğulayıb.

Deyilənlərə sözü gedən ərazidəki Mənzil Kommunal İstismar Sahəsindən isə münasibət almaq, hələlik, mümkün olmayıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az