[:az]Gəncə hadisələrinə görə zabit də cəzalandırılıbmış[:]

tərəfindən Gozetci

[:az]Gəncə hadisələrinə görə cəzalandırılanlar arasında indiyədək cəmiyyətin xəbər tutmadığı adamlar da var.

Məsələn, Naxçıvandakı N saylı hərbi hissənin zabiti Aqşin Əsgərov. O, Gəncədə sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra Facebook səhifəsində bu mövzuda paylaşdığı yazılara görə 5 il 6 ay azadlıqdan məhrum edilib. O, CM-in 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar törədildikdə) maddəsilə təqsirli bilinib.

Kapitan rütbəsində xidmət etmiş Aqşin Əsgərov ötən il iyulun 16-da həbs olunub. O, Facebook sosial şəbəkəsindən “Emin Kəpəz” profili ilə istifadə edirmiş. O, ötən il iyulun 3-də Elmar Vəliyev və mühafizəçisi güllələnəndə hərbi hissədə gecə növbəsində işdə olub.

İyulun 4-nə keçən gecə “Facebook”da müxtəlif istifadəçilər bu hadisə, Elmar Vəliyevin fəaliyyəti barədə statuslar, şərhlər yazıblar. Həmin gecə və ondan sonra Aqşin Əsgərov bu paylaşımları özünün işlətdiyi “Emin Kəpəz” profilindən təkrar paylaşıb.

Onların arasında “İlham Əliyevin və onun bandasının xalqa qarşı zülmü davam edir…”, “Sizin fikrinizcə, Azərbaycan xalqı yatıb, yoxsa oyaqdır?” məzmunlu paylaşımlar da olub.

Apellyasiya instansiyası Aqşin Əsgərov haqqında 5 il 6 aylıq həbs hökmünü qüvvədə saxlayıb. Bu yaxınlarda isə məsələyə Ali Məhkəmədə baxılıb.

Məhkəmə təqsirsizlik prezumpsiyasını pozub

Vəkilləri deyirlər ki, ekspertiza yayılan materiallarla bağlı rəy verərkən söz və fikir azadlığı anlayışını yaddan çıxarıb. Birinci instansiya məhkəməsinin hökmündə yazılıb ki, “A.Əsgərov cinayətkar Yunis Səfərovu dəstəkləyən, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar edib”.

Təqsirləndirilən zabitin vəkilləri kassasiya şikayətində göstəriblər ki, barəsində qanuni qüvvəyə minməmiş şəxsi “cinayətkar” adlandırmaqla məhkəmənin özü qanunu (təqsirsizlik prezumpsiyası hüququ) pozub.

Vəkillər bildiriblər ki, Aqşin Əsgərovun əməlində cinayət tərkibi yoxdur:

“Sadəcə, başqalarına məxsus rəyləri informativ xarakterli olaraq, sosial şəbəkədə öz səhifəsində paylaşıb. Aqşin Əsgərovun informativ xarakterli paylaşımlar etməsi onun CM-nin 281.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi kimi qiymətləndirilməməlidir”.

Müdafiəçilər öncə kassasiya şikayətində Aqşin Əsgərova bəraət verilməsini istəyiblər. Sonradan Əsgərovun özünün istəyilə şikayətin predmetini dəyişiblər. Bu dəfə əməlin CM-in 281.2 maddəsindən həmin maddənin birinci bəndinə tövsif olunmasını xahiş ediblər.

Onlar göstəriblər ki, paylaşımlar bir neçə dəfə olsa da, bu, təkrar cinayət kimi qiymətləndirilə bilməz. Onların sözlərinə görə, təkrar cinayət o halda olur ki, eyni əmələ görə şəxs bir dəfə cəzalandırılır, sonra yenidən eyni hərəkətə yol verir.

Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyib, hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Aqşin Əsgərov məhkəmədə özünü qismən təqsirli bilib. Deyib ki, sabiq icra başçısı Elmar Vəliyevdən narazılıqlar çox idi. Özü də Gəncə sakini kimi, onun fəaliyyətindən narazı idi. Başqalarının yaydığı statusları təkrar paylaşmaqda məqsədi o idi ki, Gəncədə icra başçısına qarşı keçirilməsi planlaşdırılan aksiyada daha çox insan iştirak etsin.

Aqşin Əsgərovun sözlərinə görə, Elmar Vəliyevin göstərişi ilə 2012-ci ildə Gəncədə onların evinin hasarı da qanunsuz sökülmüşdü:

“Bu cür hərəkətlərinə görə ona qarşı aqressiv idim. Həm də sosial şəbəkədə insanların yaşayışının aşağı səviyyədə olmasını göstərən videolara baxıb təsir altına düşürdüm”.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az