[:az]Avqustun 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron şöbəsinin üzvü Qorxmaz Əliyevin yerli polisə aparıldığı bildirilir. Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.
Partiyadan vurğulayıblar ki, Qorxmaz Əliyev dünən, avqustun 25-də evə buraxılsa da, bu gün, avqustun 26-da səhər saatlarında yenidən polis idarəsinə aparılıb:
“Bizdə olan məlumata görə, o, avqustun 27-də məhkəmə qarşısına çıxarılacaq. Onun rəsmən nədə ittiham edildiyi, hələlik, bilinmir. Qorxmaz Əliyev ikinci qrup əlildir”.
Partiyadan əlavə ediblər ki, Qorxmaz Əliyev bir neçə gün əvvəl Xırdalan qəbristanlığında çəkiliş aparıb.
AXCP-dən bildirildiyinə görə, Xırdalan şəhərinin (Abşeron rayonunun mərkəzi) bir qrup sakini bu günlər sözü gedən qəbristanlığa toplaşıblar.
Verilən məlumata görə, orada qeyd edilib ki, bəzi qəbir daşları sındırılıb. Partiyadan verilən məlumata o da vurğulanıb ki, bu, həmin qəbirlərin yerlərinin satılacağı niyyəti ilə izah edilib.
Sosial şəbəkələrdə yayılan video görüntülərə görə də, toplantı iştirakçıları üzləşdikləri mənzərəyə görə, rayon rəhbərliyini günahlandırıblar.
AXCP-dən verilən bu açıqlamaya, hələlik, Abşeron Rayon Polis İdarəsi və rayon icra hakimiyyətindən münasibət almaq mümkün olmayıb.
Azadlıq Radiosu[:]