[:az]‘Gəncə işi’ndə buraxılan olmadı, cəzalar azaldıldı[:]

tərəfindən Gozetci

[:az] Gəncə hadisələrinə görə həbs olunmuş şəxslərdən daha 8 nəfərin cəzası azaldılıb.

Avqustun 26-da Bakı Apellyasiya məhkəməsində bu barədə qərar açıqlanıb. Qərarı Gəncə Apellyasiya Məhkəməsinin hakimləri verib.

Qərara əsasən, təqsirləndirilən şəxslərə CM-nin 220.1 (kütləvi iğtişaşların təşkili) maddəsi ilə verilən ittiham dəyişdirilib, CM-in 29.220.1 (kütləvi iğtişaşlarda iştiraka cəhd) maddəsinə tövsif olunub.

Yalnız Sumqayıt Dövlət Universitetinin müəllimi Elman Quliyevə münasibətdə ittiham olduğu kimi saxlanıb. Amma E.Quliyevin də cəzası azaldılıb – 8 ildən 5 ilə endirilib.

Digər təqsirləndirilən şəxslərin də cəzası azaldılıb. Ən az cəza Riya Nuruzadə və Cabir Əzizova verilib – 1 il 6 ay. Onların hər ikisi qardaşları Gülmirzə Nuruzadə və Sabir Əzizovla birlikdə həbs olunub. Qardaşlarının üzərində isə 2 il 6 ay saxlanılıb. Eyruz Hacıyev, Fikrət Mirzəliyev və Səbuhi Rəcəbova da 2 il 6 ay cəza kəsilib.

Qərardan öncə təqsirləndirilən şəxslər son sözlərini deyiblər. Məhkəməyə jurnalistlər buraxılmayıb. Media nümayəndələrinə deyilib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlizamin Abdullayevin göstərişi var, jurnalistlər zala buraxılmasın.

* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o vaxtki icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov şəhər icra başçısını və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib. Elə həmin gün DİN Gəncədə iğtişaşlar baş verdiyini, iki polis əməkdaşının qətlə yetirildiyini bildirib. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər aparılmağa başlayıb.

2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov bu idarədə keçirilən müşavirədə bildirib ki, E.Vəliyevə qarşı sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfər barəsində beynəlxalq axtarış elan edilib.

10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşıb və işlər məhkəmələrə göndərilib. Təqsirləndirilən şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az