[:az]’Gəncə işi’ndə ömürlük həbs tələbi. Məhkəməyə təcili yardım çağrıldı[:]

tərəfindən Gozetci

[:az]Gəncə hadisələriylə bağlı daha bir qrupun işi üzrə məhkəmə yekunlaşdı. Avqustun 15-də prokuror təqsirləndirilən şəxslərə 4 ildən ömürlük həbsə qədər ağır cəzalar kəsilməsini istəyib.

Bu qrupda təqsirləndirilən şəxslərin sayı 8 nəfər olsa da, hakim önünə çıxarılanlar 7 nəfərdir. Daha bir nəfər – Gəncədə ötən il iyulun 10-da polis polkovnikləri İlqar Balakişiyev və Səməd Abbasovu qətlə yetirməkdə suçlanan Rəşad Böyükkişiyev hadisədən bir gün sonra öldürülüb.

Bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin Xaqani Səmədovun sədrlik etdiyi hakimlər kollegiyası Bakıda – Sabunçu Rayon Məhkəməsinin binasında baxır. Avqustun 15-də məhkəmə iclası o qədər gərgin keçib ki, məhkəməyə təcili tibbi yardım çağrılıb.

Öncə gərginlik prokurorun vəsatəti və hakim X.Səmədovun da onu müdafiə etməsindən başlayıb. Prokuror məhkəmə istintaqının yekunlaşması barədə vəsatət qaldırıb, vəkillər etiraz edib. Müdafiəçilər deyib ki, araşdırılası xeyli məsələlər qalıb, onlar bu barədə vəsatətlər qaldıracaqlar. Bu zaman hakimin vəkillərin sözünü kəsməsi, onlara fikirlərini başa çatdırmağa imkan verməməsi gərginlik yaradıb. Fasiləyə çıxıb-qayıdan hakimlər vəkillərə vəsatətlərini verməyə imkan yaradıblar.Vəkillər təkrar ekspertizanın keçirilməsi, əvvəlki rəyi vermiş ekspertin, təqsirləndirilən şəxslər həbsdən sonra Kürdəxanıdakı Bakı istintaq təcridxanasına gətirilərkən orada onları müayinə etmiş həkimin məhkəmədə dindirilməsi və başqa vəsatətlər veriblər.

Vəkillərdən şikayət olunub
Təqsirləndirilən şəxslər məhkəmədə dəfələrlə işgəncəyə məruz qalmaları barədə ifadələr verəndən sonra hakimlər onların ekspertizadan keçirilməsi barədə qərar vermişdi. Ekspert də rəy vermişdi ki, onların üzərində xəsarət izləri var, ancaq onlar təxminən il yarım öncəyə aid ola bilər. Yəni həbs olunmamışdan əvvələ…

Eyni zamanda, iş materiallarında Bakı İstintaq Təcridxanasının həkiminin rəyi var. Orada göstərilib ki, bu şəxslər istintaq təcridxanasına qəbul ediləndə müayinə olunublar, üzərilərində heç bir xəsarət aşkarlanmayıb.

«Lap tutaq ki, xəsarətlər həbs dövrünə yox, ondan əvvələ aiddir. Əgər bu adamların üzərində əvvəldən xəsarət vardısa, istintaq təcridxanasının həkimi müayinədə mütləq onu görməli idi. Nəzərə almaq lazımdır ki, o zaman daha az vaxt keçmişdi, nəinki ekspertiza keçirilən dövr. Ziddiyyət var. Ona görə də bu adamlar dindirilməlidir», – vəkillər belə deyib.

Hakimlər vəsatətlərin heç birini təmin etməyiblər. Nəticədə təqsirləndirilən şəxslər, onların məhkəmə zalında olan yaxınları hakimlərə etirazlarını bildiriblər.

Növbəti fasilədən sonra isə vəkillər X.Səmədovun sədrlik etdiyi hakimlər kollegiyasının bu işə baxmasına yazılı etiraz verib. Vəkillər etirazlarını hakimlərin qərəzli olması, ittiham tərəfin mövqeyindən çıxış etməsi, müdafiəçilərlə kobud davranışı, müxtəlif vasitələrlə təzyiq göstərməsi, müdafiə hüququnu pozması ilə əsaslandırıblar. Etiraz əsaslandırılarkən o da məlum olub ki, fasilə vaxtı məhkəmə Vəkillər Kollegiyasına zəng edərək, vəkillərdən şikayət edib.

«Biz sizdən prosessual qanunvericiliyin tələblərinə əməl etməyinizi istəyirik. Siz hansı qanuna əsasən müdafiəçi kimi üzərimizə düşən vəzifəni yerinə yetirdiyimizə görə bizdən Vəkillər Kollegiyasına şikayət edirsiniz? Bu, birbaşa təzyiqdir», – vəkillər bildirib.

Məhkəmə tərkibinə etiraz baxılmamış saxlanılıb.

Prokuror ittihamların sübuta yetirildiyini deyir
Ardından prokuror Fuad Musayev çıxış edib. O iddia edib ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar (qəsdən adam öldürmə, qanunsuz silah saxlama, narkotik, terrorçuluq, quldurluq və s.) məhkəmədə sübuta yetirilib.

Təqsirləndirilən yeddi nəfərdən ikisi – Hüseyn Bayramov və Rauf Bayramov ata-oğuldur. Prokuror R.Bayramova qarşı ittihamlardan imtina edərək, onun əməlinin CM-in 307.3 (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsinə tövsif olunmasını, ona 4 il həbs cəzası kəsilməsini istəyib. Atasının isə 10 il azadlıqdan məhrum edilməsini təklif edib.

Digər təqsirləndirilən şəxslərdən Oqtay Hüseynzadəyə ömürlük, Ürfan Məmmədova 20 il cəza istəyib. Eşqin Quliyev, Abbas Abbasov, Elşən Məmmədova da 10 ildən 19 ilə qədər cəzalar istənilib.

Prokurorun çıxışı vaxtı, özəlliklə cəza tələbində məhkəmədə yenidən gərginlik yaranıb. Təqsirləndirilən şəxslər və onların yaxınları etirazlarını bildiriblər.

O.Hüseynzadə deyib ki, əgər ona cəza kəsilsə, elə məhkəmə zalında intihar edəcək.

Bir neçə dəqiqə davam edən gərginlik nəticəsində təqsirləndirilən şəxslərin məhkəmə zalında olan yaxınlarının səhhəti pisləşib, qadınlar arasında huşunu itirib yıxılanlar olub. Məhkəməyə Təcili Tibbi Yardım çağrılıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az