Prokurorluq Gəncə hadisələriylə bağlı fikrini dəyişdi

tərəfindən Gozetci

«İğtişaş etməyiblər, buna cəhd göstəriblər».

Gəncə hadisələrinə görə həbs olunmuş şəxslərdən 8 nəfərlik daha bir qrupun işində yenilik var. Ötən il Gəncədə icra başçısının güllələnməsindən bir həftə sonra – iyulun 10-da keçirilən aksiyanın təşkilində suçlanan Eyruz Hacıyev, Gülmirzə Nuruzadə və daha 6 nəfərin işində prokurorluq bu ittihamdan imtina edib.

Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində onların işinə baxılarkən prokuror Ceyhun Əliyev təqsirləndirilən şəxslərdən 7 nəfərə CM-nin 220.1 (kütləvi iğtişaşların təşkili) maddəsi ilə verilən ittihamın dəyişdirilib, CM-in 29.220.1 (kütləvi iğtişaşlarda iştiraka cəhd) maddəsinə tövsif olunmasını istəyib. Yalnız Sumqayıt Dövlət Universitetinin müəllimi Elman Quliyevə münasibətdə ittihamın olduğu kimi saxlanmasını təklif edib.

Prokuror təqsirləndirilən şəxslərin cəzasının da azaldılmasını istəyib. O, E.Quliyevin üzərindəki ittihamın dəyişməsini uyğun bilməsə də, cəzasının 8 ildən 7 ilə endirilməsini təklif edib. Digər 7 nəfər təqsirləndirilənə gəlincə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin onlara kəsdiyi cəzaların da azaldılmasını – Eyruz Hacıyev və onun bibisi oğlu Səbuhi Rəcəbova 5 il 6 ay, Riya Nuruzadə, Sabir Əzizov və Fikrət Mirzəliyevə 5 il, Cabir Əzizov və Gülmirzə Nuruzadəyə isə 4 il 6 ay həbs cəzası istəyib.

«Heç olmasa, birini buraxın»
Vəkillər isə bu təkliflə də razılaşmayıblar. Onlar hüquqlarını müdafiə etdikləri şəxslərin ümumiyyətlə, heç bir cinayət törətmədiklərini bildirərək bəraət verilməsini istəyiblər.

S.Əzizovun vəkili hakimlərdən xahiş edib ki, qərar verəndə adamların ailəsinin ağır durumunu da nəzərə alsınlar: «Sabir Əzizovu radikal dini qrupun üzvü kimi təqdim edirlər. Bu adamı tutanda içkili olub. Qisas bu dərəcədə olmaz. Ata birinci qrup əlildir, ana 180 manata xadimə işləyir. Evə çörək gətirən iki oğul vardı, onları da tutub basıblar içəri. İnsanlıq xatirinə, onların heç olmasa, birini buraxın, evi dolandıran olsun. Bu ailə elə vəziyyətdədir ki, evlərində döşəmə belə yoxdur, torpağın üstündə gəzirlər».

Vəkillər çıxışlarında deyiblər ki, həbs olunanlara «Yunis Səfərova dəstək aksiyası təşkil etmək» ittihamı verilib. Amma istintaq Y.Səfərovun polis idarəsində işgəncəyə məruz qaldığını göstərən şəkilləri yayanları tapıb cəzalandırmayıb.

E.Quliyevin vəkili çıxışında deyib ki, Gəncə hadisələri ilə əlaqədar prezidentə yanlış informasiya çatdırılır. Vəkilin sözlərinə görə, Elmanın atası Telman Quliyev Heydər Əliyevin seçki qərargahının sədri olub, indi də YAP-ın üzvüdür.

«Bu gün xalq qalıb bir qrup cinayətkarın əlində. Yuxarıya ya yalan danışıb imkan vermirlər, aşağıya da zülm edirlər. Gəncə işində insanların kişiliyini təhqir elədilər. Bu qədər qəddarlıq olmaz. Gəncə hadisələrini törədənlər bu gün dövlətdə təmsil olunan bir neçə nəfərdir. Bir dənə sübut ortaya qoymadan Elmana təşkilatçılıq ittihamı veriblər», – vəkilin sözləridir.

Məhkəmə avqustun 23-də təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az