[:az]’Gəncə işi’ndə hakimlə vəkillər arasında qalmaqal yaşandı[:]

tərəfindən Gozetci

[:az]Gəncə hadisələrinə görə həbs olunan şəxslərin məhkəməsində vəkillərlə hakim arasında qalmaqal yaşanıb. Müvəkkilinin işgəncə iddialarının araşdırılması barədə vəkil Zübeydə Sadıqovanın vəsatətinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov kəskin reaksiya verib.

Gəncə məhbuslarından Şahin Verdiyevin müdafiəsinə təxminən bir aydır qoşulan Z.Sadıqova, təbii ki, müvəkkilinin məhkəməyə ifadəsində onun hüquqlarını müdafiə etməyib. Ş.Verdiyev öz həbsindən sonra günlərlə işgəncələrə məruz qaldığını və bu üzdən məcbur qalaraq, doğru olmayan ifadəni imzaladığını söyləyib. Onun dedikləri mediada da yayılıb. Bu səbəbdən Z.Sadıqova həm müvəkkilinin, həm də digər Gəncə məhbuslarının işgəncə şikayətləri barədə mediada yazılanları da vəsatətinə əlavə edib. Vəkilin vəsatətinə Gəncə hadisələriylə bağlı həbs olunanlardan Ş.Verdiyev və daha 7 nəfərin işinə baxan hakim D.İmanovun reaksiyası belə olub: «Sizə kim ixtiyar verib ki, bunları bura qoyasınız («əlavə edəsiniz» mənasında – red.)? Mən sizi işdən kənarlaşdıracağam, əlavə etdiyiniz bu yazıları da aidiyyəti orqanlara göndərəcəyəm…».

Gəncə məhbusu: «İstəmirəm ki, işimə siz baxasınız»
Hakim eyni işdə vəkil Əziz Qəmbərovun vəsatətini də rədd edib və onu əsas gətirib ki, həmin vəsatətdə təqsirləndirilən şəxsləri «qabaqcadan əlbir olan bir qrup şəxs» kimi yazmaq onların vəziyyətini ağırlaşdırıb. İradı qəbul etməyən müdafiəçi ittiham aktında yazılanları hakimə göstərsə də, onun fikri dəyişməyib. Hakim belə cavab verib: «Mən sizin barənizdə Vəkillər Kollegiyasının rəhbərliyinə müraciət edəcəyəm».

Bir neçə iclasdır davam edən mübahisələri və onlarca vəsatətin rədd edilməsini əsas gətirən vəkillər və hüquqları müdafiə edilən şəxslər hakim D.İmanovun bu prosesdən uzaqlaşdırılması məsələsini qaldırıblar.

«Bir dənə də vəsatətimizi təmin etmirsiniz. Mən istəmirəm ki, işimə siz baxasınız», – Gəncə hadisələrinə görə həbs olunan 24-yaşlı Elmir Hüseynzadə belə deyib.

«Aşırı kobud davranır, hörmətsizlik edir»
Hakimin uzaqlaşdırılmasından ötrü verilən yazılı etirazı vəkil Şəhla Hümbətova səsləndirib. O bildirib ki, bu hakim vəkillərlə aşırı kobud davranır, təqsirləndirilən şəxsləri məhkəmə zalından, müdafiəçiləri isə prosesdən uzaqlaşdırmaqla hədələyir, sayqısız davranır: «Vəkillər nəyəsə etirazını bildirmək istəyəndə «oturun yerinizə» kimi aşağılayıcı ifadələrdən istifadə edir».

Hakimlə vəkillər arasında baş vermiş qalmaqallar da yazılı etirazda əksini tapıb: «Vəkil Nazim Musayevin şahidə verdiyi sualları əsassız olaraq çıxarıb, dindirməyə müdaxilə edirdi. Vəkillər məhkəmənin belə gedişinə etirazını bildirəndə isə «Mən bilirəm, siz Avropa Məhkəməsinə hazırlaşırsınız, amma icazə vermərəm ki, burada şou yaradasınız…» şəklində anlaşılmaz reaksiya verdi. Hakim tez-tez təqsirləndirilən şəxslərin sözünü kəsir, «elə etməyin ki, barənizdə başqa maddələrlə cinayət işi başlansın», – deyə onları hədələyir.

Gəncə məhbusları: “Sübut kadrları göstərin…”
​Hakim tərəfsiz olmalıdır. Amma Dadaş İmanov bəri başdan mövqeyini ortaya qoyur. Vəkillərə «siz onların cinayətini müdafiə etmirsiniz, hüquqlarını müdafiə edirsiniz» deməklə, əslində, adamların təqsirsizlik prezumpsiyasını pozur, onların cinayət törətmələri barədə öncədən fikir bildirir».

Hakimin məhkəmədə tərəflərin bərabərliyi prinsipinə əməl etmədiyini, onlarca vəsatətin heç birini təmin etmədiyini vurğulayan vəkillər D.İmanovun bu işdən uzaqlaşdırılmasını istəyiblər.

Dadaş İmanov, Məhəmməd Bağırov və Nural Əliyevdən ibarət hakimlər heyəti bir neçə dəqiqəlik müşavirədən sonra etirazın baxılmamış saxlandığını bildiriblər.

Bu dəfə vəkillər tək sədrlik edənə yox, bütün hakim tərkibinə etiraz verərək bildiriblər ki, qanunun tələbinə görə, D.İmanova etiraza onun özü baxa bilməzdi və digər iki hakim müşavirəyə edərək qərarı elan etməliydi.

Hakimlər kollegiyasına verilən etiraz da baxılmamış saxlanılıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az