[:az]Gəncə məhbusları: “Sübut kadrları göstərin…”[:]

tərəfindən Gozetci

[:az]Gəncə hadisələrinə görə həbs olunan daha bir qrupun – Bəkrəm Əliyev, Elmir Hüseynzadə və daha 6 nəfərin işi üzrə məhkəmə araşdırmaları yekunlaşır. Şahidlərin dindirilməsi başa çatıb, iyulun 4-də cinayət işinin materiallarındakı sənədlərin elanı başa çatıb, ardınca ötən il iyulun 10-da Gəncədəki meydanda aksiya zamanı lentə alınmış videogörüntülər nümayiş etdirilib.
Görüntülərdə təqsirləndirilən şəxslərdən bir neçəsi görünür. Amma onların bəziləri sadəcə, dayanıb, bir neçəsinin isə o ərazidən keçdiyi görünür. Yalnız Bəkrəm Əliyevin polis əməkdaşını itələdiyini görmək olar.
Aksiya zamanı Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenantı Səməd Abbasovu qətlə yetirdiyi bildirilən Rəşad Böyükkişiyevin meydanda əlində xəncər getdiyi, onun qarşısını ətrafdakılardan kimsənin, o cümlədən polislərin kəsmədiyi görünür.
Videogörüntülərin nümayişi zamanı təqsirləndirilən şəxslər etiraz ediblər. Bildiriblər ki, onlara aksiyada polislərə daş atmaları, R.Böyükkişiyevin polisləri öldürməsi üçün ona kömək edib şərait yaratmaları barədə ittiham verilib. Amma videolarda bunu təsdiqləyən heç bir fakt, sübut yoxdur.
“O görüntülər niyə yoxdur?”
Bəkrəm Əliyev deyib ki, video yarımçıqdır, onun polis əməkdaşı Samir Bayramovu necə itələdiyi görünür, amma əvvəlcə polis onu vurub: “O görüntülər niyə yoxdur?”
Vəkillər vəsatət verib ki, meydandakı Təhlükəsiz Şəhər Kameralarının qeydə aldığı görüntülər məhkəməyə təqdim olunsun. Çünki məhkəmədə nümayiş olunanlar həvəskar kameraların lentə aldığı, yarımçıq görüntülərdir.

Hakim Dadaş İmanov vəsatəti təmin etməyib. Deyib ki, iş materiallarında olan görüntülər bunlardır, onlarla da kifayətlənəcəklər.
“Bizə cinayət törətdiyimizi sübut edən kadrlar göstərin. Küçədən keçmək, gördüyün nəyəsə baxmaq nə vaxtdan cinayət olub?”, – təqsirləndirilən şəxslər etiraz ediblər.
Vəkillər bir sıra sübutların çıxarılması barədə də vəsatət qaldırıblar. Həmin sübutlar arasında təqsirləndirilən şəxslərin istintaqdakı etiraf xarakterli ifadələri, vəkillə təmin olunmaları, hüquqlarının izah edilməsi haqda sənədlər var. Təqsirləndirilən şəxslərin dediklərinə istinad edən vəkillər bildiriblər ki, onlara işgəncə altında həmin sənədlərə imza atdırılıb.
Bütövlükdə Gəncə hadisələrilə bağlı cinayət işinin materiallarında maddi sübut kimi 9 daş var. Vəkillər o daşların üzərindəki əl-barmaq izlərinin götürülməsi barədə də vəsatət qaldırıb. Müdafiəçilərin daha bir istəyi isə təqsirləndirilən şəxslərin onların iştirakıyla yenidən dindirilməsi haqda olub.
Təqsirləndirilən şəxslər arasında Emil Məmmədov var. O, həbs olunarkən 16 yaşı tamam olmayıb. Qanuna görə, yetkinlik yaşına çatmayan şəxs yalnız nümayəndənin iştirakıyla dindirilməlidir. Vəkillər deyir ki, nümayəndə ilk növbədə valideyn ola bilər. Emilin isə valideyni olduğu halda, iş materiallarında onun Gəncə şəhər İcra Hakimiyyətinin psixoloqunun iştirakıyla dindirilməsi əks olunub.
Məhkəmə bu vəsatətlərlə bağlı qərarını növbəti iclasda elan edəcək.
“Polisə aparıb işgəncə verdilər”
Gəncə hadisələrilə bağlı 7 nəfərlik daha bir qrupun işi üzrə araşdırma Bakı Apellyasiya Məhkəməsində gedir. Alim Yusifov, Aydın Rüstəmov, Yavər İsmayılzadə, Elvin Əliyev və digərlərinə 7 il 6 aydan 9 ilə qədər həbs cəzası verilib. Onlar ötən il iyulun 10-da Gəncədə iğtişaşların təşkili, polislərə qarşı müqavimət göstərmə kimi ittihamlarla cəzalandırılıblar. Amma onlar ittihamı qəbul etmir və hökmdən apellyasiya şikayəti veriblər.
Alim Yusifovun vəkili vəsatət vermişdi ki, onun əleyhinə ifadə vermiş polislər məhkəmədə dindirilsin. Hakim də vəsatəti təmin etmişdi. Amma iyulun 5-də hakim elan edib ki, polisləri dindirmək mümkün olmayacaq, çünki biri işdən çıxarılıb, başqa birinin mədəsində problem var, həkimlər ona gəlməyə icazə vermir.
Hakim polislərin ifadələrində xüsusi əhəmiyyətli məqamlar olmadığını desə də, vəkil razılaşmayıb: “Xeyr, kifayət qədər əhəmiyyətlidir. Yazır ki, guya iyulun 10-da onu polis idarəsinə dəvət ediblər, o da gəlib, idarədə söhbət zamanı iğtişaşların təşkilində iştirakını etiraf edib. Halbuki, bu adamı dörd gün sonra evindən götürüb Şəmkir rayon Polis Şöbəsinə aparıblar”.
A.Yusifov da vəkilinin dediklərini təsdiqləyib: “Məni Şəmkir polisinə aparıb işgəncələr verdilər. Sonra məni Gəncəyə apardılar. Mən heç bilmirəm Zöhrab Məmmədov kimdir. Yalan yazıb orada…”
Bu məhkəmədə də videogörüntülər nümayiş etdirilib. Orada da təqsirləndirilən şəxslər etiraz edərək bildiriblər ki, ortada onların polisə daş atmasını, müqavimət göstərməsini sübut edən bircə kadr yoxdur.
Təqsirləndirilən şəxslərin etirazlarından sonra bu məhkəmə prosesi iyulun 19-na təxirə salınıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az