[:az]AXCP fəalı azadlığa çıxmaq üçün şikayət verib[:]

tərəfindən Gozetci

[:az]AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Fuad Əhmədli cəzasının üçdə ikisini çəksə də, Suraxanı Rayon Məhkəməsinin hakimi Elnur Nuriyev onu azadlığa buraxmaqdan imtina etmişdi. F.Əhmədli həmin qərardan apellyasiya şikayəti verib.

İyunun 21-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb.

Məhkəmədə Fuadın saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı da iştirak edib.

Hakim Habil Məmmədov deyib ki, müəssisədən F.Əhmədlinin şəxsi işi alınıb. Vəkil Elçin Sadıqov həmin iş materialları ilə tanış olmaq istəyib, amma hakim «yox» deyib. Səbəb kimi isə şəxsi işdə məxfi materialların olmasını göstərib.

«Bu, Fuad Əhmədlinin şəxsi işidirsə, orada məxfi nə ola bilər ki? Həm də məxfi sənədlərin üzərində xüsusi qrif olmalıdır»,- vəkil etiraz edib.

Məhkəmə baxışı iyulun 5-nə qalıb.

F.Əhmədlinin atası Zəfər Əhmədli AzadlıqRadiosuna bildirib ki, Fuada verilmiş 4 illik cəzanın üçdə iki hissəsi bu il aprelin 18-də tamam olub. Fuad da bu əsasla məhkəməyə müraciət edib. Məhkəmə isə belə qərara gəlib ki, Fuad hələ islah olunmayıb. Əsas kimi isə Ədliyyə Nazirliyinin komissiyasının Fuad haqqında mənfi rəy verməsini göstəriblər.

16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi də məhkəməyə təqdim etdiyi rəydə Fuadın vaxtından əvvəl şərti azadlığa buraxılmasına etiraz edib. O, gənc fəalın islah olunmamasının göstəricilərindən biri kimi onun özünü təqsirli bilməməsini göstərib: «Onunla aparılan fərdi söhbətlər zamanı törətdiyi cinayəti etiraf etmir».

Xatırlatma
F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, operator işlədiyi «Azerfon» (Nar Mobile) şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb.

F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.

F.Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymırlar.

 

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az