[:az]Vəkillərdən biri polisin saxladığı şəxsin hüquqlarını müdafiə etmək üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində gedib. Nəticədə vəkilin özü də orada döyülüb, hüquqlarını müdafiə etdiyi şəxslə birlikdə bölmədəki müvəqqəti saxlama yerinə salınıb.
Müxtəlif vəkillər sosial şəbəkələrdə bu barədə məlumatlar paylaşaraq, həmkarlarına qarşı zorakılığı pisləyiblər.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov da məsələyə münasibət bildirib:
“İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm!
Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!”
A.Bağırov və digər vəkillər ad çəkməsələr də, Meydan TV söhbətin Orxan Kəngərlidən getdiyini müəyyənləşdirib. O, ötən il Kollegiyaya üzv olan vəkillərdəndir. Hüquqlarını müdafiə etdiyi şəxsə görə polis bölməsinə gedən vəkili orada təhqir edib, müvəkkili ilə görüşməyə qoymayıblar. Məlumata görə, vəkili bölmədən söyüşlə qovublar. Buna etiraz edəndə isə polislər onu döyüb, müdafiə etdiyi şəxsin yanına aparıb salıblar. O.Kəngərli axşama qədər orada saxlanılıb.
Ondan məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddiaları əsassız, qərəzli və özünü müdafiə xarakteri daşıdığını qeyd edib:
“Məsələ belədir: Binəqədi qəsəbəsində mənzilindən oğurluq olması ilə bağlı 4-cü polis şöbəsinə müraciət edilib. Şöbə əməkdaşlarının isti-izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin qadının qohumu olan bir şəxs şübhəli şəxs qismində saxlanılıb. Bununla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxs oğurluq əməli törətdiyini etiraf edib. Oğurladığı pulun bir qismini maddi sübut kimi istintaqa təhvil verib. Həmin gün oğurluq törətməkdə şübhəli bilinən şəxsin tanışı olan, özünü və müvafiq orderi təqdim etməyən vəkil araşdırmanın gedişatına, nəticələrinə əsassız və qanunsuz olaraq müdaxilə etməyə cəhd edib. Bu zaman qanuni xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, onları təhqir edib və şöbənin normal iş rejimini pozub. Şöbədə vəkilin törətdiyi qanunsuz hərəkətlərin yolverilməz olduğu nəzərinə çatdırılıb. Araşdırma zamanı onun vəkil Orxan Kəngərli olduğu məlum olub. Vəkilin hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə sənədləşdirilib. Barəsində həmin maddəyə uyğun inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib” (ona.az).
4-cü polis bölməsinin rəisi Rahib Mirzəyevdir. Meydan TV-nin əldə etdiyi məlumata görə, o, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin (əvvəl paytaxtın Nəsimi rayonunun polis rəisi olub-red.) doğma qardaşıdır.
Polis orqanlarında çalışan şəxslərin qanunsuz əməllərini, xətalarını da onun rəhbərlik etdiyi Daxili Təhqiqatlar İdarəsi araşdırıb qiymət verir.
[:]