[:az]2018-ci il Gəncə olaylarına görə həbs olunmuş Aydın Qurbanovun səhhətində olan problemin daha da ciddiləşdiyi bildirilir.
Bu barədə məlumatı AzadlıqRadiosuna onun yoldaşı Məhbubə Qurbanova verib. Onun sözlərinə görə, A.Qurbanov mədə xərçəngindən əziyyət çəkir. Xanımının vurğulamasına görə, ərinin mədəsində olan şiş qaraciyərinə keçib.
A.Qurbanov ötən il iyulun 28-də həbs olunub. O, Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə – Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir. Hal-hazırda isə Penitensiar Xidmətinin Müalicə Müəssisəsindədir.
M.Qurbanova deyir ki, bunu mayın 15-i ona Müalicə Müəssisəsində yoldaşının özü deyib: «Mayın 15-i Müalicə Müəssisəsinə dərman aparanda 3-4 dəqiqəlik yoldaşımla görüşə bildim. O mənə dedi ki, həkim ona «mədə xərçəngi» diaqnozu qoyub və artıq metastaz verdiyini bildirib».
M.Qurbanova daha sonra bunları əlavə edib: «Bizə heç nə demirlər. 3 aydır MRT-yə (MRT-Maqnit Rezonans Tomoqrafiya) belə salmırlar. Vaxtında onu müayinə etsəydilər, belə ağır nəticələr olmazdı».
Baş Tibb İdarəsindən deyilənlər…
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov isə «Turan» agentliyinə bildirib ki, Müalicə Müəssisəsində olan onkoloji xəstələr Milli Onkologiya Mərkəzinin mütəxəssislərin nəzarətindədir və həmin xəstələr Mərkəzdə müayinədən keçirlər.
A.Qurbanova gəlincə isə, İ.Qurbanov onunla bağlı məlumata malik olmadığını söyləyib.
Xatırlatma
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.
Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.
Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.
Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.
Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.
AzadlıqRadiosu ©[:]