[:az]’Biz orda təzə çıxan soğanı 50-60 qəpiyə də sata bilmirik'[:]

tərəfindən Gozetci

[:az]«Gedin «Meyvəli» bazarına, orda soğan dolu «Kamaz»ım da var, satıcım da, yerim də. Nömrəsini də deyə bilərəm. Biz orda təzə çıxan soğanı 50-60 qəpiyə də sata bilmirik», – fermer Nemət Nəsirov söyləyir. «Burda soğanı alırlar 40 qəpiyə, marketdə satırlar 1 manat 50 qəpiyə. Bu o demək deyil ki, soğan 1 manat 50 qəpikdir. İşbazlar istifadə edirlər», – o gileylənir.

Martın sonlarında Azərbaycanda soğan bahalanmağa başlayıb. Onun qiyməti 1.50-2 manat arasında dəyişir. Ekspertlər bunu soğanın baha olduğu Türkiyə bazarlarına ixracın artması ilə izah edirlər.

«10 günə soğan 20 qəpik olacaq»
Az sonra hökumət bəzi kənd təsərrüfatı məhsullarının gömrük rüsumunun artırılması haqda qərar çıxardı. Baş nazir N.Məmmədovun imzaladığı qərarla bu il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 dollar gömrük rusumu tətbiq edilir. Mayın 31-dək isə 1 kq şalot soğanın və kələmin ixracına 2 dollar gömrük rusumu alınacaq. Bəzi bölgələrdə fermerlər qərarı etirazla qarşılayıblar. Baş nazirin qərarına rəğmən, bazardakı qiymətdə ciddi ucuzlaşma müşahidə olunmur.

AzadlıqRadiosuna danışan bəzi fermerlər bazarda soğan, kartof qıtlığı yaranması haqda deyilənləri uydurma sayırlar. Onlar ötən il də, bu il də soğanın tələbatdan çox əkildiyini söyləyirlər.

Ağdamlı fermer Akif Quliyev hökumətin, sadəcə, mayadək gömrük rüsumlarını artırmaqla ölkədən bəzi kənd təsərrüfatı məhsullarının çıxarılmasına məhdudiyyət yaratdığını güman edir. O, təxminən 10 günə soğanın ucuzlaşacağını düşünür.

Fermer indiki halda qiymətin düşməməsini yerli məhsulun kütləvi şəkildə yetişməməsi ilə izah edir: «Məhsul kütləvi şəkildə bazara çıxmır. Yəqin 10 günə çıxar».
N.Nəsirov da bu fikri bölüşür: «Azərbaycanda yetərincə soğan, kartof əkilir. İndi Bərdə soğanı çıxıb, faraş soğan. 10 günə soğan bol olacaq, 10 günə soğan 20 qəpiyə düşəcək. Bunu sistem özü tənzimləyəcək. Yolu bağlamaq, açmaq insanlara zərər verən işdir. Keçən il gömrük rüsumu yox idi, amma soğana 10 qəpiyə də alıcı tapılmırdı. Minlərlə hektar sahədə soğan qaldı. Bu il rüsum qoyulubsa, yenə məhsul sahələrdə qalacaq. İnsanlar pis vəziyyətə düşə bilər».

Yerli fermer niyə xarici bazara can atır?
Yerli fermerlər xarici bazara can atmalarını məhsulun bol olması, əllərindəki məhsulu normal qiymətə satmaq niyyəti ilə izah edirlər.

«Bu, ondan irəli gəlir ki, Azərbaycanda istehsal olunan soğan ölkənin tələbatından 3-4 dəfə çoxdur. Məsələn, 3 il Azərbaycan soğan əkməsə, yeyib qurtarmaq olmaz. Çox əkilir deyə, xaricə çıxmaq zərurəti yaranır. Yerli bazarda o qədər malı satmaq mümkün deyil», – A.Quliyev bildirir.

«Gömrükdə rüsumu artırırlar, qapıları bağlayırlar, bağlasınlar. Etiraz etmirəm. 1.50-yə, 2 manata soğan olmaz. Amma soğan 10 günə 20 qəpik olan kimi yolları açsınlar. Qapıları açmasalar, soğan, kartof əkən fermerlərin 50 faizi məhv olacaq. Azərbaycandan qırağa soğan əsasən mayda, iyunun 15-dək çıxır. Faraş soğandır, qışa qalmır. Onda qapı açılmasa, fermer məhv olacaq», – bunu da fermer N.Nəsirov söyləyir.
«Nə yerli bazara çıxara bilirik məhsulumuzu, nə də xarici»
Başqa bir fermer Səmədağa Həsənovun sözlərinə görə, ölkədə yetərincə kənd təsərrüfatı məhsulları yetişdirilsə də, monopoliya və malın ixracına əngəllər onları çətin duruma salır. Məhsullarını nə yerli bazara çıxara bilirlər, nə da xarici bazara.

S.Həsənovun sözlərinə görə, bəzən Türkiyəyə, Rusiyaya məhsulun buraxılmaması kəndlinin malının batmasına səbəb olur: «2 il qabaq məhsulu Rusiyaya buraxdılar, kartofun kilosu 80-90 qəpik oldu. Keçən il buraxmadılar, kartof da 10-15 qəpik oldu. Halbuki Rusiyadan gətirdiyimiz toxumu 60 qəpiyə alırıq».

O, fikrini belə davam etdirir: «Hər şeyə monopoliya var. O gün mən İran kartofunun kilosunu 10 manata aldım, amma bir azdan yerli, faraş kartof çıxacaq, kilosu 15 qəpiyə. İran kartofunu da hər adam gətirə bilmir, o da monopoliyadadır. Pomidorumuzu 15-20 qəpiyə satırıq. Nazirlərin özlərinin istixanaları var, orda yetişdirilən pomidor 3 manata satılır. Bazarda öz məhsulunu satmaq istəsən, sənə yer vermirlər, elə yerə qoyurlar ki, gün başına döyəndən sonra dəyər-dəyməzinə topdan verib gedirsən. Qonşum ötən il kartof əkmişdi, 2000 manat zərərə düşdü. Nə yerli bazara çıxara bilirik məhsulumuzu, nə də xarici. Gömrükdə elə rüsum qoyurlar keçirə bilmirik, qapıları qapayırlar».

Fermer S.Həsənovun qənaətincə, hökumət fermerə yardım etməlidir. O bu halda ucuzluq olacağını, məsələn, ətin kilosunun 5 manat, yumurtanın dənəsinin 8-10 qəpik olacağını güman edir.
Fermerlərin bir təklifi də var, hökumət kənd təsərrüfatı məhsullarının xaricə satılmasını istəmirsə, onda özü kəndlidən məhsulu alsın, onun tədarükü ilə məşğul olsun.

«Anbarlarda saxlasın. Üstünə də 10-20 faiz qoyub xaricə satsın. Bacarmırlar idarəetməni», – S.Həsənov gileylənir.

Fermer N.Nəsirovun sözlərinə görə də, bu işdə plan yoxdur: «Tutalım, bir il sarımsaq çox əkilibsə və camaatın əlində qalıbsa, xaricdə bazar tapa bilərdilər. Bu halda Azərbaycana da pul gələrdi. Kəndli batır, əl uzadan yoxdur».

Deyilənlərə Kənd Təsərrüfatı Nazirliyindən mövqe almaq mümkün olmayıb.

Bir qədər öncə AzadlıqRadiosuna danışan mütəxəssislər də hesab edir ki, hökumət kənd təsərrüfatı sahəsində planlı iş aparmalı, kəndlinin, fermerin əlində qalan məhsulu tədarük etməli, xüsusi anbarlara vurmalıdır.

Ötən ilin dekabrında prezident «Ərzaq Məhsullarının Tədarükü və Təchizatı» ASC yaradılması haqda sərəncam verib.

Kənd Təsərrüfatı Nazirliyi isə bir müddət öncə soğanın bahalaşmasını bu məhsulun Türkiyəyə ixracının kəskin artması və bunun yaratdığı ajiotajla izah edirdi. Ancaq qurum daxili bazarda soğanın bahalaşması üçün ciddi səbəb olmadığını vurğulayırdı. «Çünki ixraca yönəlmiş soğan ölkədə istehsal olunan məhsulun kiçik hissəsidir. Sadəcə, müəyyən qədər ajiotaj var və bu, yerli istehsalçıları qiymətləri artırmağa sövq edib. Yəqin ki, yaxın günlərdə qiymətlər əvvəlki həddə, yəni hər kq üçün 60-70 qəpiyə düşəcək», – deyə nazirlik bildirirdi.

 

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az