[:az]Siyasi məhbuslar azadlıqdadırlar və siyasi fəaliyyətlərini davam etdirəcəklərini deyirlər[:]

tərəfindən Gozetci

[:az]Ölkə başçısının əfv sərəncamına əsasən bu gün -17 mart tarıxındə artıq siyasi məhbuslar azadlığa buraxılır. Səhərin erkən saatlarında artıq Gözəl Bayramlı azadlığa buraxılıb.

Saat 11:00-dan isə 2 saylı cəzaçəkmə müəssisəsindən siyasi məhbuslar Qiyas İbrahim, Rəşad Ramazanov, Fikrət Fərəməzoğlu və Nicat Əliyev azadlığa buraxılır.

Əli İnsanov artıq azadlıqdadır. 11:45

Əli İnsanov: ”Bilmirəm mən müxalifətə qoşulacağam, yoxsa onlar gəlib mənə qoşulacaqlar”

Martın 16-da imzalanmış əfv siyahısında adı olan şəxslər azadlığa buraxılıb.

Əfv olunanlar arasında siyasi fəaliyyətinə görə saxlanıldığını deyənlər var.

Martın 17-də azadlığa çıxan AXCP sədrinin müavini Gözəl Bayramlı Milli Şura rəhbərliyinə, partiyadaşlarına, vətəndaş cəmiyyətinə, azad mediaya və bütün siyasi təşkilatlara təşəkkür edib. O, fəaliyyətini davam etdirəcəyini bildirib:

“Mənim həbsimin səbəbi siyasi fəaliyyətim idi. Həbsimdən əvvəl xəbərdarlıq etmişdilər ki, sərt yazmayın. Ancaq razılaşmadım, ona görə həbs olundum. 2 il ailədən, yaxınlardan uzaq olmaq xoş olmasa da, insan öz mətinliyini qorumalıdır. Mən də bir çox siyasi məhbus kimi mübarizliyimə sadiq qaldım və bu, davamlı olacaq”.

Sabiq səhiyyə naziri Əli İnsanov azad olunmasında demokratik Qərbin, yəni Avropa Birliyinin və ABŞ-ın xüsusi rolu olduğunu deyib:

“İlham Əliyevin məni azad etmək fikri yox idi. İlham Əliyevi məni azad etməyə məcbur etdilər. Ancaq mən özümü azadlıqda hiss etmirəm, çünki kiçik həbsxanadan böyük həbsxanaya çıxmışam. Azərbaycan özü böyük həbsxanadır. Hansı humanizmdən danışırlar ki, polis serjantının gördüyü işi prezident edir? İnsanların cibinə narkotik atıb həbs edirlər”.

Ə.İnsanov Azərbaycanda qalacağını və siyasi fəaliyyətini davam etdirəcəyini deyib:

“Mübarizəmi axıra qədər davam etdirəcəyəm, heç yerə getmək fikrim yoxdur. Azərbaycan bu gün uçurumun dibindədir. Onu bu uçurumdan xilas edəcək istənilən siyasi hərəkata qoşulmağa hazıram. Ancaq hər şey Allahın əlindədir. Bilmirəm mən müxalifətə qoşulacağam, yoxsa onlar gəlib mənə qoşulacaqlar”.

Azadlığa çıxan fəallar prinsiplərinin dəyişmədiyini deyir

“Mən bu hakimiyyətdən heç nə gözləmirdim. Əslində, bir nəfərin yox, bütün ölkənin azadlığı vacibdir”.

Bu sözləri martın 17-də azadlığa buraxılmış gənc fəal İlkin Rüstəmzadə deyib.

O, 2013-cü ildə, “Əsgər ölümlərinə son!” aksiyasından sonra həbs olunub və 8 il azadlıqdan məhrum edilib. Onunla birgə həbs olunanlar sonradan müxtəlif vaxtlarda əfv edilsə də, İlkin Rüstəmzadə 6 ildir həbsdə idi.

“Gec buraxılmağıma səbəb hakimiyyətin mənə xüsusi münasibəti ola bilər,”- deyə gənc fəal münasibətini açıqlayıb:

“Mən demirəm ki, qaldığım yerdən başlayacam, yox, daha irəli gedəcəm”.

Eks-prezident Heydər Əliyevin büstünə “Qul bayramınız mübarək!” şüarı yazılandan sonra külli miqdarda narkotik maddə saxlamaq ittihamı ilə həbs oluna Bayram Məmmədov və Qiyas İbrahim də azad olunanlar arasındadır.

Bayram Məmmədov da azad olunacağını gözləmədiyini söyləyib: “Xüsusi bir dəyişiklik yoxdur, biz yenə mübarizə meydanındayıq. Həbsxana insanı möhkələdir deyirlər. Məndə də prinsipləri möhkəmləndirdi”.

Azad olunacağını gözləmədiyini deyən Qiyas İbrahim isə siyasi və vicdan məhbusu kimi tanınan digər dostlarının da azad olunmasını istəyir:

“Mən buna adaptasiya olmamışdım, amma fərqi yox idi. Həbsdə dostlarımız var, hər halda bizim buraxılmağımızla heç nə bitməyib. Çalışmalıyıq ki, bu, nəyincə sonunun başlanğıcı olsun. Ümid edirəm ki, bundan sonra ədalət bərpa olunar. Əgər biz buraxılmışıqsa, qarşımızdakı güc geri çəkilib, deməli, üstünə getməliyik. Biz kiçik divarların arasından çıxmışıq, böyük divarların arasındayıq”.

Qiyas İbrahim bildirib ki, əngəl yaratmasalar, təhsilini davam etdirəcək.

Ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verəndən sonra həbs olunan Rüfət Səfərov azad olunacağını gözləmədiyini deyib:

“Çünki əfv ərizəsi yazmamışdım”

O deyib ki, həbs həyatı onun prinsiplərində heç bir dəyişiklik etməyib:

“Azərbaycanda demokratiya bərpa olunana qədər mübarizəm davam edəcək. Həbsdə olan insanların azadlığa çıxması üçün hüquqi imkanlarımdan istifadə edəcəyəm”.

2016-cı ildə həbs olunan NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman da azad olunanlar sırasındadır. O, sevincinin bir az sönük olduğunu deyib:

“Çünki Seymur Həzini içəridə qoyub gəldim. Təəssüf ki, onunla görüşə imkan vermədilər. Amma Seymur möhkəmdir”.

 

 

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az