[:az]Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) tərəfdarları yanvarın 31-də Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq keçiriblər. DQMŞ sədri Cəmil Həsənli hakimiyyətin siyasətini kəskin tənqid edərək deyib ki, indiki rejim Rəsulzadə və onun tərəfdarlarının qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərlərini pozaraq korrupsiyaya bulaşıb. Buna misal kimi Korrupsiya Qavrama İndeksində Azərbaycanın beynəlxalq reytinqinin 180 ölkə arasında 152-ci yerdə olduğunu göstərib. Hakimiyyət pensiyaçılar, tələbələr, veterenlar və əlillərdən oğurlayaraq özünü zənginləşdirməklə məşğuldur. Ölkənin təbii sərvətlərinə baxmayaraq, əhalinin mühüm hissəsi yoxsulluq içindədir. AXCP lideri Əli Kərimli də korrupsiya, insan hüquqlarının pozulmasına və özbaşınalığa görə hakimiyyəti kəskin tənqid edib. O, hakimiyyətin Rəsulzadənin xatırəsinə qısqanclıqla yanaşdığını deyib. “Onlar hər vəchlə Rəsulzadəni unutdurmağa çalışırlar. Çünki Vətənə düzgün, vicdanlı, təmənnasız xidmət korrupsiya, xalqın sərvətinin talanması üzərində qurulmuş bu rejimi ifşa edir”, – Ə.Kərimli bildirib. C.Həsənlinin və Ə.Kərimlinin çıxışları zamanı vaxtaşırı elektrik enerjisi kəsilib, səs gücləndiricinin işi dayanıb. Buna cavab olaraq mitinq iştirakçıları “İstefa!” şüarını səsləndiriblər.
TURAN[:]