[:az]Vəkil məhkəmənin qərarını qanunsuz hesab edib
AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı haqqında hökmdən apelyasiya şikayətinə baxan hakimlər qərarlarının dəyişiblər. Aprelin 2-də Gəncə Apelyasiya Məhkəməsində yekun qərarı elan etməli olan hakimlər zala gəlib bildiriblər ki, sonuncu məhkəmə iclasında vəsatətlərdən biri – Gürcüstan-Azərbaycan sərhədindəki (Azərbaycana aid hissədə) müşahidə kameralarının alınması məsələsi təmin olunub. Hakim Teyyub Muxtarov bildirib ki, bununla əlaqədar müvafiq dövlət orqanlarına sorğu göndərilib, hələ cavab gəlməyib. Bu səbəbdən məhkəmə aprelin 20-nə qədər təxirə salınır.
Hakimlər bu qərarı elan edərək, məhkəmə zalından gediblər.
G.Bayramlının vəkili Elçin Sadıqov məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmənin bu qərarı qanunsuzdur. Hakim ötən məhkəmə iclasında vəsatətin təmin olunduğunu bildirsə də, əslində elə hal olmayıb. Hakimlər müdafiə tərəfinin bütün vəsatətlərinin təmin olunmadığını elan ediblər. Ondan sonra da çıxışlar mərhələsi başlayıb. Prokuror G.Bayramlının 3 il azadlıqdan məhrum edilməsi barədə Qazax Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanmasını, vəkil isə bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini istəyib. Sonda hakimlər qərar çıxarmaq üçün müşavirəyə gediblər: “Biz bu gün qərarı gözləyirdik. Gəlib deyirlər ki, videogörüntülərlə bağlı vəsatət təmin olunub. Yekun müşavirədə belə məsələ müzakirə olunmur. Videogörüntülərə baxış keçirilməsi istintaqın təzələnməsi deməkdir. Bu vəsatətə ayrıca baxılıb qərar verilməli, bunu da biz bilməliydik. Hesab edirəm ki, bu prosesi süni şəkildə uzatmağa hesablanmış addımdır və qanunsuzdur”.
G.Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən “İkinci Şıxlı” sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun çantasından gömrüyə bəyan olunmamış 12 min dollar tapıldığı bildirilir. Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunan G.Bayramlı siyasi sifarişlə şərləndiyini və bu məqsədlə də həmin pulun gömrük-buraxılış məntəqəsində çantasına atıldığını bildirir.
Vəkil sərhəd-keçid məntəqəsindəki müşahidə kameralarının yaddaşındakı görüntülərin alınması haqda həm istintaqda, həm də məhkəmələrdə dəfələrlə vəsatət qaldırsa da, təmin olunmamışdı. Bildirilmişdi ki, həmin görüntülər bir aydan çox saxlanılmır, ona görə də onlara baxış keçirmək mümkün deyil.[:]