[:az]Atası Elgiz Sadıqlı ilə görüşə buraxılmadığını deyir[:]

tərəfindən Gozetci

[:az]Dünən, martın 21-də Avropada mühacir olan Tural Sadıqlının inzibati qaydada həbs edilmiş qardaşı Elgiz Sadıqlı ilə görüş baş tutmayıb.

Bu haqda E.Sadıqlının atası Əlövsət Sadıqlının özü açıqlama verib. Onun deməsinə görə, E.Sadıqlı hazırda Daxili İşlər Nazirliyinin Binəqədidəki inzibati qaydada həbs edilən şəxslərin saxlanma məntəqəsindədir.

Atası dünən, martın 21-də oğlu ilə görüşmək, ona bayram sovqatı çatdırmaqdan ötrü həmin məntəqəyə gedib.

«Məni normal qarşıladılar, Elgizlə görüşəcəyimi bildirdikdə, kabinetə keçdilər, kiminləsə əlaqə saxladılar. Ardınca mənə bildirdilər ki, görüş baş tutmayacaq. Bunu görüş məsələsi ilə bağlı qərar verən şəxslərin iş başında olmaması ilə izah etdilər. Dedilər ki, bayram günləri başa çatanadək görüş olmayacaq», – atası bildirib.

Novruz bayramı ilə bağlı Azərbaycanda martın 20-dən 27-nə kimi qeyri iş günləridir.

Ə.Sadıqlının iddiasına görə, martın 21-də həmin məntəqədə saxlanılan başqa şəxslərlə görüşə isə icazə verilib. O deyib ki, E.Sadıqlı qardaşına görə diskriminasiyaya məruz qalır.

«Elgiz Sadıqlının azadlığa çıxmadan və ya azadlığa buraxıldıqdan sonra yenidən şərlənərək həbs ediləcəyini istisna etmirəm», – atası bildirib.

Daxili İşlər Nazirliyi və başqa əlaqəli qurumlardan Ə.Sadıqlının bu dediklərinə hələlik münasibət almaq mümkün olmayıb.

E.Sadıqlı 1978-ci ildə doğulub. Jurnalistika fakültəsini bitirsə də, başqa sahədə çalışıb. O, bundan öncə, 2015-ci ildə də saxlanmışdı. Haqqında Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi ilə narkotik vasitələrin saxlanması və dövriyyəsi) maddəsi ilə cinayət işi açılaraq barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Ancaq sonradan Apellyasiya Məhkəməsi E.Sadıqlı haqda 2 il şərti cəza qərarı çıxartmaqla onu məhkəmə zalından azad etmişdi.

Elgiz Sadıqlı fevralın 23-də saxlanıb. Ona polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Fevralın 28-də Bakı Apellyasiya Məhkəməsinin E.Sadıqlı barəsində verilmiş qərarı qüvvədə saxladığı açıqlanıb.

Ə.Sadıqlı məhkəmədən sonra bildirmişdi ki, oğlu ona polisdə işgəncə verildiyini söyləyib. Ancaq Ə.Sadıqlının həmin açıqlamasına Daxili İşlər Nazirliyindən və Bakı Apellyasiya Məhkəməsindən münasibət almaq mümkün olmamışdı.

Tək E.Sadıqlı yox, onun bir çox yaxınlarının da son vaxtlar polisə aparıldığı bildirilir.

Bu il fevralın 20-də onun Ağdam rayonunda yaşayan əmisi Zahir Sadıqovun da polisə aparıldığı və daha sonra buraxıldığı deyilirdi.

E.Sadıqlının atasının özü də polisə aparıldığını bildirib. Ə.Sadıqlının deməsinə görə, onu fevralın 18-də Bakıda 12 Saylı Polis Bölməsinə aparıb, fevralın 19-i saat 12 radələrində sərbəst buraxmışdılar. O, AzadlıqRadiosuna həmçinin demişdi ki, polis bölməsində aparılan söhbətlərdə Almaniyada mühacirətdə olan oğlu Tural Sadıqlının yazılarını, Avropada keçirilən aksiyalardakı fotolarını göstərərək bunu dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər. O isə bununla razılaşmadığını bildirib.

Ancaq Azərbaycan hüquq-mühafizə orqanları isə deyirlər ki, ölkədə heç kim qohumlarının siyasi əqidəsinə görə təzyiqlərlə üzləşmir. İşgəncə ilə bağlı şikayətlər də qəti təkzib edilir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az