[:az]’Mən Taleh Bağırovun tərəfdarı olduğum üçün həbs olunmuşam'[:]

tərəfindən Gozetci

[:az]

Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının üzvü Samir Babayevin həbs qərarından şikayətinə baxılıb.

Maştağa qəsəbəsinin sakini olan S.Babayev fevralın 3-də saxlanılıb. Ertəsi gün Sabunçu Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilib. Iddia olunur ki, onun üzərindən narkotik tapılıb. Məhkəmə S.Babayevə 60 sutka inzibati həbs cəzası kəsib.

Özünü təqsirli bilməyən dindar fəal inzibati xəta protokolunda yazılanların yalan olduğunu deyir. O, apellyasiya şikayətinə baxılanda da haqqındakı məhkəmə qərarı əsassız sayıb və onda narkotik olmadığını bildirib. S.Babayevin sözlərinə görə, tutulmasının gerçək səbəbi həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olmasıdır.

İlqar Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib, Sabunçu Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb.

S.Babayev 2017-ci il oktyabrın 5-də də polisə tabe olmamaq suçlaması ilə saxlanmış və o zaman ona 30 sutka həbs cəzası verilmişdi. O, həmin həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılarkən, bildirmişdi ki, ona Sabunçu Rayon Polis İdarəsində işgəncə verilib – bədəninə cərəyan qoşulub, dəyənəklə döyülüb, təhqir olunub.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər razılaşmayaraq, ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Sözügedən idarə əməkdaşları məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az