[:az]Qiyas və atası işlərinə bu məhkəmədə baxılmasına etiraz edir[:]

tərəfindən Gozetci

[:az]Keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqdan sonra narkotik ittihamı həbs olunan Qiyas İbrahimov fevralın 6-da yenə məhkəmə önünə çıxıb. Bu dəfə Bakı Apellyasiya Məhkəməsində onun CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə təqsirli bilinib 10 illik cəzasının daha üç ay artırılması haqda hökmdən verilmiş apellyasiya şikayətinə baxılır.

Bu məhkəmədə Q.İbrahimov tək deyil. Eyni ittihamla mühakimə olunub aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilmiş atası Həsən İbrahimov da Yasamal Rayon Məhkəməsinin hökmündən narazı qalaraq apellyasiya şikayəti verib.

Ata və oğul İbrahimovların şikayətinə Bakı Apellyasiya Məhkəməsində Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Fevralın 6-da məhkəmənin ilkin baxış iclasında İbrahimovların vəkili Zibeydə Sadıqova bu işə Bakı Apellyasiya Məhkəməsində baxılmasına etiraz edib. Etirazını da belə əsaslandırıb ki, gənc fəal və atası məhz bu məhkəmənin hakimləri Əflatun Qasımov, Əmir Bayramov və Vüqar Məmmədova (Q.İbrahimovun 10 il azadlıqdan məhrum edilməsi haqda hökmdən apellyasiya şikayətinə baxılarkən-red.) qarşı hörmətsizlikdə suçlanır. Ona görə də məhkəmənin bu işdə obyektiv, ədalətli qərar çıxaracağı şübhə altındadır.

Qiyas və Həsən İbrahimovlar da vəkillə razılaşıb.

Amma məhkəmə etirazı təmin etməyib. İş məhkəmə baxışına verilib. Məhkəmə fevralın 14-nə təyin olunub.

NİDA Vətəndaş Hərəkatının üzvü olan Q.İbrahimov digər fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıblar. Onlar narkotik ittihamıyla suçlanıblar. Amma məhkəmədə bu ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərində «Qul bayramınız mübarək!» yazıldığına görə həbs edildiklərini bildiriblər. Gənclər məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum ediliblər.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bildiriblər.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az