Vəkil: “Bəxtiyar Hacıyev tanınmaz vəziyyətdədir, faciə baş verə bilər”

tərəfindən Gozetci

Avropa Birliyi Nümayəndəliyi ictimai fəalla bağlı çağırış edib

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin yanvarın 9-dan başladığı aclığı davam etdirdiyi bildirilir. Vəkillərin Meydan TV-yə verdiyi məlumata görə, aclığın 32-ci günündə – fevralın 9-da ictimai fəalın vəziyyəti kəskin pisləşib.

“Qısa olaraq, Bəxtiyar Hacıyev tanınmaz vəziyyətdədir. Hər an faciə baş verə bilər…”, – vəkil Aqil Layıc belə deyir.

Professor Adil Qeybulla fevralın 9-da Bakı İstintaq Təcridxanasının tibbi-sanitariya hissəsində Bəxtiyar Hacıyevi müayinə edib. Müayinə prosesində təcridxananın həkimləri də iştirak edib.

Adil Qeybullanın verdiyi məlumata görə, Bəxtiyar Hacıyevin bədən temperaturu da, təzyiqi də aşağıdır: “Temperaturu 35,1 dərəcə, təzyiqi 95/70-dir. Çəkisi 69,3 kiloqramdır”.

İctimai fəala bədəndəki su-duz balansını bərpa etmək üçün infuziya təklif olunsa da, o, imtina edib.

Qanda şəkərin səviyyəsinin də aşağı düşdüyünü vurğulayan Adil Qeybullanın sözlərinə görə, aclığın davam etdirilməsi Bəxtiyar Hacıyevin komaya düşməsinə gətirib çıxara bilər.

Avropa Birliyinin Bakı nümayəndəliyi də ictimai fəalla bağlı məlumat yayıb:

“Avropa İttifaqı Nümayəndəliyi həbsdə olan vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin səhhətinin sürətlə pisləşməsi ilə bağlı çox narahatdır. Biz bir daha hakimiyyət orqanlarını onu tez bir zamanda azad etməyə və vətəndaş cəmiyyəti subyektləri üçün təhlükəsiz və əlverişli mühitin yaradılması istiqamətində çalışmağa çağırırıq”.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.
Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az