Göyçay sakini Elgün Qasımov “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib ki, o, əlilliyinin təyin etdirilməsi üçün bütün sənədlərini Göyçay rayon Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etsə də, müəssisədən ona cavab gəlməyib. Müraciətini dəfələrlə təkrarlasa da, sorğusu cavabsız qalıb.
Elgün Qasımov İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq oktyabrın 5-dən Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 20-də Füzulidə sağ əlindən yaralanıb və əmək qabiliyyətini itirib. O, ilkin olaraq Füzuli Mərkəzi xəstəxanasında müalicə olunub. Bir gün sonra Bakıya Elmi Tədqiqat Ortopediya və Travmatologiya İnstitutuna köçürülüb. Burada “Sağ əlin dəlib-keçən odlu silah yaralanması, III-IV daraq sümüklərinin açıq, qəlpəli, yerdəyişməsi” diqaqnozu ilə müalicə alıb.
Şikayətçinin sözlərinə görə, onu daha sonra Mərdəkandakı Tibbi Reabitilasiya Xəstəxanasına göndəriblər. On iki gün orada, bir ay müddətində isə Göyçay rayon Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, Qasımov Elgün Şakir oğlu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin regional Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə olunmuş, Agentlik tərəfindən əlilliyin operativ qiymətləndirilməsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. Lakin müvafiq səhiyyə müəssisəsi tərəfindən Elgün Qasımovun əlilliyinin qiymətləndirilməsi üçün göndəriş elektron altsistemə hələ daxil edilməmişdir. Forma 88 elektron sistemə daxil edildikdən sonra qazimizin əlilliyinin qiymətləndirilməsi ilə bağlı müvafiq qərar veriləcək.
Elgün Qasımov daha sonra “Gözətçi”yə işıqlandırdığı məsələnin öz həllini tapdığını, ona III qrup əlilliyin təyin olunduğunu bildirib.