“Belə səhv eləməsəydilər, başqa daimi iş yeri seçə bilərdim”
Gəncə şəhər sakini Pərvanə Qasımova bu il müəllimlərin qəbul imtahanından uğurla keçib. Amma onun işlə təmin olunması məsələsində problem yaranıb.
“Deyirlər ki, daimi işləyə bilməzsiniz”
Gəncə Humanitar Kollecini qırmızı diplomla bitirdiyini deyən Pərvanə Qasımova bununla ikinci dəfədir ki, müəllimlərin işə qəbul imtahanında iştirak edib. Birinci dəfə iştirak etdiyi keçən ilki qəbul imtahanında 46 bal toplaması, istədiyi vakant yeri əldə etməsinə mane olub. İbtidai sinif müəlliminə doğulduğu Goranboydan 6 aylıq müqavilə ilə işləmək təklifi gələndə razılaşıb: “Ailəmin yaşadığı ərazidən 80 kilometr uzaq olsa da, imtina etməmək qərarına gəldim. Bu yolla təcrübə toplamaq istədim. Bu il ciddi çalışdım, 55 bal topladım. Gəncədəki iki vakant yerə 56 və 57 balla qəbul olundular. Samuxun Əhmədbəyli kəndində işləmək imkanı yarandı. Bu iş evdən 10-12 kilometr məsafədə yerləşdiyindən, ürəyimcə oldu”.
İki azyaşlı uşaq anası təxminən iki ay rahat işləyə bilib. Dekabrın əvvəllərində isə Əhmədbəyli kənd orta məktəbində daimi işləyə bilməyəcəyi ilə bağlı məktub alıb:
“Yazılmışdı ki, seçilən yer vakant deyil. Halbuki, sentyabrın 13-də sənədlərimi yığıb Samux Rayon Təhsil İdarəsinə vermişdim. Məktəbin direktoru ilə görüşmüşdük. Onda dedi ki, “qızım, heç nəyə görə narahat olma, bir az evdən uzaq görünə bilər, amma hər şey yaxşı olacaq”. Çox həvəsləndirmişdi. Onlayn təhsil formatına keçəndə də dərslərdən qalmadım. Müəllimlərin müsahibəsi oldu. Bu müsahibədən sonra daimi iş yeri məsələsi həllini tapır. Adətən, bu müsahibələr formal xarakter daşıyır. İndi deyirlər ki, burada daimi işləyə bilmərsiniz”.
“Yüksək nəticə ilə ortada qalmışam”
31 yaşlı müəllimə danışır ki, problemdən xəbər tutan kimi məktəb direktoru ilə əlaqə saxlayıb. Direktor əvvəlcə yalnız bir illik iş nəzərdə tutulduğunu deyib:
“Sonra isə dedi ki, səhv olub. Necə səhv ola bilər axı? Heç baş açmaq olmur. İndi hamı bir-birinin üstünə atmağa başlayıb. Direktora deyirsən, təhsil idarəsinin üstünə atır. Təhsil idarəsi isə deyir ki, direktor belə elədi. Bizim heç bir məsuliyyətimiz yoxdu. Təhsil idarəsi əvvəldən buranı daimi vakant iş yeri kimi göstərib”.
Pərvanə Qasımovanın dediyinə görə, indi ona başqa yerdə işləmək təklif olunur. Həmin məktəbdə isə dərs yükü azdır:
“Belə səhv eləməsəydilər, başqa daimi iş yeri seçə bilərdim. Bu qədər yüksək nəticə ilə ortada qalmışam. Bakı məktəbinə 52 balla qəbul olunanlar var. Samuxda 55 balla qeyri-müəyyən vəziyyət yaranıb. Ziddiyyətli danışırlar. Mən normal şərtlərlə və layiq olduğum yerdə işləmək istəyirəm”.
“Problem həll olunacaq”
Gəncə şəhər sakini çox yerə şikayət edib. Pərvanə Qasımova hətta vitse-prezident Mehriban Əliyevaya da məktub göndərib:
“Təhsil Nazirliyinə yazmışam, 10 gündür, cavab gəlmir. Ümumiyyətlə, müraciət etdiyim dövlət qurumları reaksiya verməyib. Samux Rayon İcra Hakimiyyətinə də getmişdim. Dedilər ki, bizlik deyil. Hətta həyat yoldaşımla prokurorluğa xəbər vermişik ki, bizi aldadıblar. Mən indiki iş yerimdə qalmaq istərdim. Mənə qarşı haqsızlıq olduğunu düşünürəm”.
Samux Rayon Təhsil Şöbəsindən isə bildirilib ki, problem həll olunacaq və Pərvanə Qasımov tədris ilinin sonunda bu məktəbdə olmasa belə, işlə təmin olunacaq.
Meydan TV