Bu gün, dekabrın 22-də Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqov ilə xanımı telefonla danışıb.
Bu barədə AzadlıqRadiosuna onun xanımı Sevinc Sadıqova məlumat verib:
“Əfqanla bu gün, dekabrın 22-də telefonla danışdım. 50 günə yaxındır ki, aclıq edir, vəziyyəti ağır olaraq qalır. Müxtəlif instansiyalara müraciətlər edirəm, müraciətlərimizə cavab verilmir. Ona görə də ümidsiz qalmışam”.
Onun deməsinə görə, Əfqan Sadıqov ona telefon söhbətində vəziyyətinin daha da ağırlaşdığını bildirib, apellyasiya məhkəməsində şikayətin nə yerdə olması ilə maraqlanıb.
Sevinc Sadıqova deyir ki, Əfqan Sadıqovun sənədləri Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib: “Amma ora göndərilməsinin səbəbini bilmirəm. Üç-dörd gün öncə Sumqayıt Apellyasiya Məhkəməsinə getdim. Bir xeyli hay-küydən sonra məlum oldu ki, Əfqanla bağlı iş Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olub. Apellyasiya şikayəti üzrə məhkəmə dekabrın 25-nə təyin edilib”.
Bu açıqlamaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Bir həftə əvvəl, dekabrın 15-də Sevinc Sadıqova həyat yoldaşı ilə görüşmüşdü. Həmin vaxt həyat yoldaşı ilə 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində görüşdüyünü qeyd edən Sevinc Sadıqova habelə bildirmişdi ki, Əfqan Sadıqovun əl və ayaq oynaq hissələrində qıcolmalar baş verir: “Sərbəst hərəkət edə bilmir. Bütün bunlara baxmayaraq, aclığı dayandırmaq barədə təklifləri yaxına buraxmır”.
Onda Ombudsman Aparatından isə “Turan” agentliyinə demişdilər ki, bu məsələ ilk gündən Ombudsmanın diqqət mərkəzindədir: “Köçürülən andan səhhəti diqqət mərkəzindədir. Baş həkimlə danışılır, məlumatlar alınır. Müalicə müəssisəsinin verdiyi məlumata görə, hazırda vəziyyəti orta-ağırdır, amma kritik deyil. Qıcolma halları yoxdur, huşu özündədir. Gündəlik vəziyyəti öyrənilir və ailəsinə məlumat verilir”.
Qorumdan vurğulandığına görə, ona qida qəbulu tövsiyə edilib.
Azel TV saytının rəhbəri Əfqan Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.
Azadlıq Radiosu